Dünya çempionatına yollanacaq Azərbaycan seçməsinin heyəti açıqlanıb

Noyabrın 1-də Türkmənistanın paytaxtı Aşqabadda start götürəcək ağırlıqqaldırma üzrə dünya çempionatında iştirak edəcək Azərbaycanın kişilərdən ibarət yığmasının heyəti açıqlanıb.

Azərbaycan Ağır Atletika Federasiyasından SportLine.az-a verilən məlumata görə, 10 gün davam edəcək yarışda ölkəni 7 idmançı təmsil edəcək. Bunlar Məhəmməd Məmmədli (61 kq), Rüstəm Qasımov, Kənan Xəlilov (hər ikisi 67 kq), Füqan Əliyev, Paşa İbrahimli (hər ikisi 73 kq), Kənan Əliquliyev (81 kq) və Tarmenxan Babayevdir (89 kq).

Qadınların mübarizəsində Azərbaycan ağırlıqqaldıranlarından heç kim iştirak etməyəcək.

Qeyd edək ki, Aşqabad Olimpiya Kompleksində təşkil olunacaq yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparacaq.