Dünya çempionumuz zədələndi

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının lideri Rafiq Hüseynov məşhur alman güləşçisi, üçqat dünya çempionu Frank Ştablerlə Ştutqartda keçiriləcək vida görüşündə iştirak edə bilməyəcək.

Sportline.az Fanat.az-a istinadən xəbər verir ki, səbəb 34 yaşlı dünya və üçqat Avropa çempionun zədələnməsidir.

O, Türkiyədəki təlim-məşq toplanışı zamanı dizindən zədə alıb. Hazırda müalicə-bərpa prosesi keçən təcrübəli "klassik" yaxın zamanda məşqlərə başlayacaq.

Almaniya və dünya güləşçiləri arasında iyunun 18-i baş tutacaq görüşdə 82 kiloqram çəki dərəcəsində Hüseynovu qırğızıstanlı Akjol Mahmudov əvəzləyəcək.

Xatırladaq ki, Akjol Mahmudovla Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarının 1/4 finalında üz-üzə gəliblər. Qələbə qazanan qırğız "klassik" sonradan Olimpiadada gümüş, təmsilçimiz bürünc medala sahib çıxıb.