Dünya kuboku yarışlarına 200-dən çox gimnast qatılacaq

Aprelin 26-28-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.

Sportline.az xəbər verir ki, batutçulardan və idman gimnastlarından sonra bu dəfə meydançanı gimnastikanın ən zərif nümayəndələri təhvil alaraq güclərini sınayacaqlar. İlkin qeydiyyat siyahısına əsasən, artıq 39 ölkədən 200-dən çox gimnastın kubok yarışlarında mübarizə aparacağı gözlənilir. Üç gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast bacarığını göstərəcək.

Yarışın ilk iki günündə təsnifat mərhələləri təşkil olunacaq. Çoxnövçülük üzrə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin, qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək. Bununla yanaşı, ən çox icra xal yığan gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.