"Dünyanın ən yaxşıları bu çempionatda iştirak edirlər"
Azərbaycanın qadın güləşçisi Jalə Əliyevə (57 kq) dünya çempionatında medal qazanmaq üçün əlindən gələni etməyə çalışacaq.
Sportline.az xəbər verir ki, idmançı bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə müsahibəsində bildirib.
O, ilk olaraq Türkiyədəki təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb:
"Türkiyə yığması ilə məşqlərimiz çox yüksək səviyyədə təşkil olundu. Təlim-məşq toplanışına Qırğızıstan və Qazaxıstan idmançıları da qatılmışdı. Təəssüf ki, zədələndiyimə görə toplanışda sona qədər iştirak edə bilmədim. Aldığım zədəni qısa müddətdə bərpa etmək üçün müalicəni Bakıda davam etdirəcəyəm".
J.Əliyeva Avropa çempionatının yarımfinalında aldığı zədədən danışıb:
"Avropa çempionatında qabırğamdan zədə almışdım. Ancaq zədəmin artıq sağaldığını düşünürəm. Yenidən xalça üzərinə çıxan zaman mənə ciddi təsir göstərəcəyini düşünmürəm. Macarıstandakı reytinq turnirində güləşməyi düşünürəm".
Güləşçi dünya çempionatındakı hədəflərindən söz açıb:
"Bu, çox güclü yarışdır. Dünyanın ən yaxşıları bu çempionatda iştirak edirlər. Əlbəttə, hər idmançı ora medal qazanmaq istəyi ilə gedir. Mən də medal qazananların siyahısında olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Güləş bir çox dövlətlərdə sürətli inkişaf etdiyinə görə, düşünürəm ki, qarşılacağımız rəqiblərin hamısını ciddiyə almaq lazımdır. Hazırlıq proseslerinə çox ciddi yanaşılmalıdır".
İdmançı Səudiyyə Ərəbistanında təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarındakı hədəfinin dəyişməyəcəyini deyib:
"Üç il əvvəl qızıl medal qazandığım yarışa çox yaxşı hazırlaşmışdım. Qalib gələcəyimə inanırdım. Qarşıda hələ 4 aydan çox var. Əldə etdiyim bu nəticəni təkrarlamaq üçün daha güclü formada olmaq və yüksək səviyyədə hazırlaşmaq lazımdır. İnanıram ki, bu şəkildə davam etsəm, İslam Həmrəyliyi Oyunlarından 2-ci qızıl medalı Vətənimə gətirə biləcəyəm".