Eduard Məmmədov: "İstəyərdim ki, bu komanda Avropa çempionu olsun"

Azərbaycanın ən tutullu idmançılarından olan Eduard Məmmədov AVRO-2020 ilə bağlı fikirlərini bölüşüb.

Dünya şöhrətli kikboksçu Sportline.az saytına açıqlamasında əsas favoritinin İtaliya komandası olduğunu bildirib:

“Bu çempionatdakı favoritlərim İtaliya və Almaniya komandalarıdır. Amma istəyərdim ki, İtaliya millisi çempion olsun. Bu komandanın oyununu daha çox bəyənirəm. Təəssüf ki, Türkiyə millisi ümidlərimizi doğrultmadı. Ay-ulduzlu komandanın qələbəsini çox arzulayırdım. Baxmayaraq ki, Bakıda keçirilən oyunlarda azarkeşlər də qardaş ölkə təmsilçisini yaxşı dəstəklədilər. Amma Şenol Günəşin komandası “12-ci oyunçu” üstünlüyündən yararlana bilmədi. İnanıram ki, onlar gələcək yarışlarda bizi sevindirəcəklər”.

Əməkdar idman ustası, DİN-in polkovnik-leytenantı Azərbaycan paytaxtının Avropa çempionatının ev sahiblərindən biri olması ilə fəxr etdiyini də vurğulayıb: “Qürur hissi keçirirəm ki, belə bir mötəbər yarışın ev sahiblərindən biri də Bakı şəhəridir. Tədbirin yüksək səviyyədə təşkil olunması isə, Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir”.