Eıxan Məmmədov: "Baş katib öz səlahiyyətlərini icra edəcək"

AFFA-nın baş katibi Elxan Məmmədov assosiasiyanın növbədənkənar Konfransından və İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransı keçirib.

- Bu il növbədənkənar Konfrans təşkil olundu. Daha sonra İcraiyyə Komitəsi keçirildi. Hesabat-seçki konfransı yanvarın 28-də olacaq. Milli komandanın baş məşqçi məsələsi də müzakirə edildi. Həmin vaxtadək namizədlər siyahısı yeni İcraiyyə Komitəsi (İK) üzvlərinə təqdim edilməlidir.

 - Dəyişikliklər nəyə hesablanıb?

- İlk növbədə Nizamnaməni təkmilləşdirmək istədik. Bir sıra Komitə ləğv olundu. Əvvəlki Nizamnamədə bir sıra Komitənin fəaliyyəti nəzərdə tutulmuşdu. Onlar ləğv edildi. Ehtiyac olsa, İK yenilərini yaradacaq. İK üzvlərinin sayı artdı. Bu təcrübə beynəlxalq futbol qurumlarında da tətbiq edildi. Belədə vitse-prezidentlərin sayını da artırmağa zərurət duyuldu. Birinci vitse-prezident postu ləğv edildi. İcraçı vitse-prezident və 3 vitse-prezident vəzifəsi tətbiq olunacaq. Baş katib də öz vəzifəsini icra edəcək.
 
- İK-nın yeni üzvləri nə vaxt məlum olacaq?

- Sabahdan etibarən namizədliklər irəli sürülə bilər. Yanvarın 28-də yeni İK üzvləri seçiləcək. Daha sonra AFFA prezidenti seçiləcək. Vitse-prezidentlərin təyinatı isə AFFA prezidentinin səlahiyyətindədir.

 - İK-dan istefa verən oldu?

- Xeyr, belə bir müraciət olmayıb. Yanvarın 28-də İK üzvlərinin səlahiyyət müddəti onsuz da başa çatır.

- Kuluarlarda belə bir söz-söhbət gəzir ki, icraçı vitse-prezident postuna gələrək, bütün səlahiyyətləri əlinizə alacaqsınız...

- Kuluarlara çox da inanmayın. AFFA-nın ali söz sahibi İcraiyyə Komitəsidir Bundan sonra AFFA prezidenti gəlir.

- Niyə Hesabat-Seçki Konfransı martda yox, yanvarda keçiriləcək?

- Bu Konfrans yanvar-mart aylarında planlaşdırılmışdı. Bilirsiniz ki, Konfransın mayda keçiriləcəyinə dair şayiələr dolaşırdı və gördüyünüz kimi, bu, öz təsdiqini tapmadı. Qarşıdan Avropa çempionatı gəlir. Biz də seçkini yanvara saldıq ki, daha sonra bütün diqqətimizi Bakıda baş tutacaq Avropa çempionatı oyunlarına yönəldək.