Əliyar Ağayev "Gent"üçün düşərli oldu

Ötən gecə UEFA Konfrans Liqasının pley-offunda Azərbaycanı təkcə "Qarabağ" və "Neftçi" yox, hakimlər də təmsil edib.

Sportline.az xəbər verir ki, FİFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası "Gent" (Belçika) - "Rakov" (Polşa) qarşılaşmasında iş başında olub. 

Həmyerlilərimiz meydan sahiblərinin 3:0-lıq darmadağınla qrup mərhələsinə vəsiqə əldə etməsinə şahid olublar. Belçika təmsilçisi hesabı hakimin ilk yarıya əlavə etdiyi birinci dəqiqədə açıb, 70 və 72-ci dəqiqələrdə isə fərqi artırıb. Ağayev görüş ərzində komandalara 3 sarı vərəqə göstərib ki, bunlardan 2-si meydan sahiblərinin, 1-i isə qonaqların payına düşüb.

Qeyd edək ki, Gent şəhərində baş tutan oyunda Əliyar Ağayevə laysmanlar Zeynal Zeynalov və Akif Əmirli, ehtiyat hakim kimi isə FİFA referisi Elçin Məsiyev yardım edib.