Elnur Əşrəfoğlunun son durumu

"Elnurun vəziyyəti ağır olaraq qalır. Yaxşı xəbər odur ki, durumu sabitdir. Həkimlər onu bu vəziyyətdə saxlamağa saxlamağa çalışırlar”.

Sportline.az xəbər verir ki, bu barədə Fanat.az-a koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğluonun qardaşı Rəşad Şükürov məlumat verib.

O bildirib ki, qardaşı ECMO cihazından ayrılandan sonra müşahidə olunan kritik böhrandan çıxarılıb:

“ECMO-dan ayrılandan sonra xəstədə ağırlaşma olur. Tənəffüs aparatına qoşulandan sonra pisləşmə olur, analizlərdə fərqli nəticə ortaya çıxır. Elnur həmin vəziyyətdən çıxarılıb və hazırda durumu stabildir. Çalışırlar ki, geriləmə olmasın və belədə vaxt udub ciyəri bərpa edə bilsinlər. Müalicələr davam edir. Zəruri olan hər bir tədbir görülür". 

Jurnalistin qardaşı qanaxmanın dayandığını bildirib: "Adi halda ürək və digər əməliyyat keçirmiş xəstəni ECMO-da üç ay da saxlamaq mümkündür. Ancaq Elnur cihaza qoşulu vəziyyətdə uzun müddət qaldığı üçün mədəsindən və boğazından qan gəlməyə başlamışdı. ECMO-da 21 gün qaldı. Bu müddətdə müəyyən fəsadları aradan qaldırdılar. Ancaq qanaxmaya görə təzyiq də "oynayırdı". Belədə oktyabrın 11-də cihazdan ayırmaq məcburiyyətində qaldılar". 

Xatırladaq ki, Elnur Əşrəfoğlu “Yeni Klinika”da müalicəsini davam etdirir. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib. Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb.