Elxan Məmmədovun səbrsizliklə gözlədiyi oyun

“Ümid edirik ki, bu oyun Çexiya və Danimarka vətəndaşlarının ölkəmizə yaxından maraq göstərməsində, turist olaraq  gələcəkdə Bakıda keçiriləcək idman tədbirlərinə qatılmalarında  rol oynayacaq.  Skandinaviya təmsilçisi Danimarkanın və Orta Avropa ölkəsi hesab edilən Çexiyanın Azərbaycan paytaxtında oynamasına görə fəxr edirik. Əlbəttə ki, daha əvvəl  Türkiyə, İsveçrə və Uelsin oyunları Bakıda keçirilib".

Sportline.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avro-2020-nin 1/4 final mərhələsinin Bakıda keçiriləcək Çexiya - Danimarka oyunundan əvvəl "Einnews" nəşrinə açıqlamasında deyib.

“Oyunu  səbirsizliklə gözləyirəm. Bu iki komanda Azərbaycandakı azarkeşləri çoxu üçün yeni olmasına baxmayaraq, mümkün faciəni əzmkar çıxışa çevirən Danimarkaya ciddi dəstək veriləcək. Digər tərəfdən, azarkeşlər son oyunda Niderlandı məğlub edən Çexiyanı da yaddan çıxarmayıblar" - deyə o bildirib.

E.Məmmədov hər iki komandanın Avro-2020-də möhtəşəm anlar yaşadığını söyləyib: "Andreas Kristensenin Danimarkanın 4:1 hesablı qələbəsində Rusiyaya vurduğu qol və "Hampden Park"dakı Şikin qolu göz önünə gəldi. Sabah kimin yarımfinala çıxacağını birlikdə görəcəyik".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka görüşü saat 20:00-da başlayacaq.