Erməni hakim şikayət olundu

Azərbaycan Boks Federasiyası erməni hakimə görə Beynəlxalq Həvəskar Boks Assosiasiyasına (AİBA) şikayət edib.

SportLine.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov məlumat verib. 

O, Azərbaycan idmançılarının Rusiyanın Vladiqafqaz şəhərində baş tutan 22 yaşadək boksçular arasında Avropa çempionatında hakim haqsızlığı ilə üzləşdiklərini deyib: "Avropanın ən güclü yığmaları Rusiya və Belarusdur. Biz onlarla rəqabət aparırıq. Nəticə və idmançılarımızın çıxışı qənaətbəxş oldu. Ancaq hakimlərdən narazı qaldıq. Təəssüf ki, hazırda boksda etiraz etmək mümkün deyil. Amma növbəti dünya çempionatında bu problemin aradan qaldırılması planlaşdırılır. Yarışda videotəkrar sisteminin tətbiq olunması da gözlənilir. Bizim uduzduğumuz döyüşlərdə eyni hakimlər yer almışdı. Onların da başında erməni əsilli hakim dururdu. Məsələn, Rüfət Hüseynovun döyüşünə baxsaq, boksçumuz qələbə qazanmışdı. Lakin üstünlük rəqibə verildi və o, növbəti mərhələyə adladı. Bütün bunlarla bağlı AIBA-ya şikayət məktubu ünvanlamışıq".

Qeyd edək ki, boksçulardan Məhəmməd Abdullayev (+90) qızıl, Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) isə bürünc medal əldə edib. Kişilərdən ibarət yığma komanda hesabında 38 ölkə arasında 4-cü nəticəni göstərib.