Erməni təxribatına görə polisə müraciət olundu

Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Assosiasiyası və Azərbaycan-Lüksemburq Ticarət Palatası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Düdelanj” oyununda bir qrup erməni tərəfindən törədilmiş təxribata görə Lüksemburq polisinə müraciət edib.

Sportline.az xəbər verir ki, “Qarabağ” Assosiasiyası və Azərbaycan-Lüksemburq Ticarət Palatasının təşkilatçılığı ilə erməni təxribatına etiraz olaraq bu ölkədə yaşayan azərbaycanlılar adından Lüksemburq polisinə məktub ünvanlanıb. Polisə ünvanlanan məktub 30-dan çox soydaşımız tərəfindən imzalanıb.

Məktubun bir nüsxəsi Lüksemburqun Baş Nazirinə də göndərilib. Məktubda bu təxribatın siyasi akt olduğu və Lüksemburqun imicinə zərər vurduğu bildirilib.

Soydaşlarımız terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçılarının belə çirkin əməllərini digər sahələrdə olduğu kimi, idman sahəsində də nümayiş etdirdiklərini bildiriblər.

Xatırladaq ki, erməni təxribatından sonra Lüksemburqun İdman naziri Dan Kersch baş verən hadisəyə görə Azərbaycan xalqından üzr istəyib.