"Əsas hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək idi" - Rəşad Sadıqov

“Hər bir Avropa ölkəsi Çempionlar Liqasının qrup mərhələsində təmsilçisinin olmasını istəyir. Bu, futbolun inkişafına böyük təkan verir. Bizim qrupa düşməyimizi futbolçuların, azarkeşlərin və bütün xalqımızın necə qarşıladığını hər kəs gördü. Azərbaycanda futbola sevgi beşqat artıb. Uşaqlar, qadınlar, yaşlı nəsil - hamı bizim oyunlarımızı müzakirə edir. Bu, irəliyə atılmış əhəmiyyətli addımdır. Biz son 8-9 ildə planlı şəkildə işləyirdik və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək əsas hədəfimiz idi”.

SportLine.az xəbər verri ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyun öncəsi UEFA-nın saytına deyib.

O bildirib ki, son 10-15 ildə Azərbaycanda idmana və futbola dövlət tərəfindən böyük diqqət göstərilir, böyük məbləğdə vəsait ayrılır: "Son vaxtlarda ümidləri doğrultmağı bacarırıq. Avropa Liqasının və Çempionlar Liqasının qrupuna düşürük, millimiz əvvəlki dövrələrlə müqayisədə daha çox xal toplayır. Bəli, ola bilər ki, avrokuboklarda böyük nəticələr əldə etməmişik və yığmamız dünya və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmayıb, ancaq bizim futbolun gənc olduğunu unutmamalıyıq. Bu amili nəzərə alsaq, bizim çıxışımız layiqlidir. Biz öz oyunumuz və əldə etdiyimiz nəticələrlə dəstəyin qarşılığını vermək istəyirik”.