Faiq Qarayev: "İndi də Qurban Qurbanovun yanındayam"
"Bilirsiniz ki, 35 ildən çoxdur məşqçi kimi çalışmışam. Burada çox gözəl gün yaşayıram. İlk növbədə, bütün mükafatçılıarı təbrik edirəm.
Tədbirdə verilən plaketlər idmançı və məşqçi üçün önəmlidir. Evdə hərdən baxıram ki, 1995, 1996 və 2005-ci illərə aid plaket var. Bunlar hamısı xatirədir".
Sportline.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2019" layihəsi çərçivəsində "7 Qalib" adlı mükafatlandırma mərasimində deyib.
Voleybol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi qadın şahmatçılardan ibarət Azərbaycan millisinin uğurunun önəmli olduğunu bildirib: "Elə bilirəm ki, onlar mənim öz komandamdır. Hamısı ucaboydur.
Bilsəydim, onları şahmata yox, voleybola yönləndirərdim (gülür). Burada bizim komandamız yoxdur. Qadın şahmatçılar da özümüzündür. Onları ürəkdən təbrik edirəm".
Qarayev tədbirdə cüdo üzrə dünya çempionu Elxan Məmmədovun çıxışına diqqətlə qulaq asdığını vurğulayıb: "Onun danışdıqlarından nəticə çıxartdım. Baxmayaraq ki, yaşca məndən balacadır.
Dedi ki, məni dünya çempionu olan vaxt sıxdılar. Hazırda vitse-prezident olmuşam, məni də sıxırlar. Amma sizə söz verirəm ki, bu sözlərdən sonra öz sahəmə qayıdacağam".
60 yaşlı təcrübəli mütəxəssis "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu hər zaman dəstəklədiyini söyləyib: "Bunu onun özü də bilir. Hər zaman onun yanında olmuşam, indi də yanındayam. Xaricdəki mütəxəssislərə də hörmətimiz var.
Biz də ölkə xaricində çalışmışıq. Bizə hörmət də ediblər. Ən əsası odur ki, Azərbaycan heç bir ölkədən geri qalmır. Niyə bizim məşqçilər kimdənsə geri qalmalıdırlar? Mən Qurban Qurbanovu ürəkdən təbrik edirəm". (sportinfo.az)