Favoritlər yarımfinala yüksəliblər

Böyük dəbilqə seriyasında “Roland Garrros” tennis turniri davam edir.

Sportline.az xəbər verir ki, ümumi mükafat fondu 42 milyon avrodan çox olan yarışda ¼ finalın görüşləri keçirilib.

İlk görüşdə Rocer Federerlə Sten Vavrinka korta çıxıb. Qarşılaşma 3 saat 40 dəqiqə davam edib. Turnirin favoritlərindən olan isveçrəli tennisçi ilk setdə 7:6 hesabı ilə qalib gəlsə də, növbəti setdə məğlub olub - 4:6. Daha sonra təşəbbüsü ələ alan Federer yekunda 3:1 hesablı qələbəyə sevinib.

Yarışın qalibi adına namizədlərdən Rafael Nadal ¼ final mərhələsini adlamaqda çətinlik çəkməyib. İspaniyalı tennisçi yaponiyalı Key Nisikori ilə görüşün hər 3 setində qələbə qazanıb – 6:1, 6:1, 6:3. Beləliklə, Rafael Nadal yarımfinalda Rocer Federerə rəqib olub.

Qadın tennisçilərin yarışında isə böyük britaniyalı Yohanna Konta Amerika Birləşmiş Ştatlarının tennisçisi Sloan Stivenslə üz-üzə gəlib. Hər 2 setdə rəqibini məğlub edən Konta yarmfinala yüksəlib.

Daha bir yarımfinalçı isə çexiyalı Marketa Vondrouşova olub. O, hər xorvatiyalı Petra Martiçi hər iki setdə məğlub edərək mübarizədən kənarlaşdırıb – 7:6, 7:5.