Federasiya prezidentindən ÖZƏL AÇIQLAMALAR

Qəbələdə Milli Qəhrəman şəhid Polad Həşimovun xatirəsinə həsr olunmuş qarışıq döyüş növləri üzrə “Dəmir yumruq – 1” adlı respublika turniri keçirilib.

Sportline.az saytına danışan Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy özəl açıqlamaları ilə diqqət çəkib.

“Federasiya olaraq qərara almışıq ki, hər ay bir rayonun şəhidinə həsr olunmuş yarış keçirək. Bu yarışlar “Dəmir yumruq” devizi altında həyata keçirilir. Bu belə yarışların birincisidir. Gələn aylarda da anoloji tədbirləri davam etdirəcəyik. Hazırda 3 döyüş növü üzrə idmançılar mübarizə aparır. Gələcəkdə bu növləri artırmaq niyyətindəyik.

Qismət olarsa, gələn ildən “Dəmir yumruq” beynəlxalq yarışını təşkil etmək istəyirik. Yəni, başqa dövlətlərdən də idmançıları dəvət etmək niyyətindəyik.

Şəhidlər bizim baş ucalığımızdır. 15-20 ildir ki, biz bu yarışları Qarabağda, Şuşada keçirmək istədiyimizi gənc idmançılara təlqin edirdik və indi o gənclər vətən müharibəsində iştirak etdilər və qəhrəmanlıq göstərdilər. Muay-tayı daha da maraqlı edən digər məqam isə, bu idmanın rəsmi olaraq olimpiya oyunlarına daxil edilməsidir. 

Pandemiya səbəbindən idmançıların məşqlərdən uzaq qalması həm texniki, həm də fiziki hazırlığa mənfi təsir göstərib. Bu da təbiidir. Ən pisi də odur ki, milli komandamız məşq edə bilməyib. Sentyabrın 1-dən 12-ə qədər Kazanda MDB oyunları keçiriləcək. Yığma komandamız da bu yarışa hazırlaşır. Ancaq təəssüf ki, cəmi 3 aydır idmançılar məşq edirlər. Bu da hazırlığa öz mənfi təsirini göstərir. Ona görə də çətin olacaq. Digər MDB ölkələrinin idmançıları pandemiya dövründə məşqlərə davam ediblər, bizdə isə bu, mümkün olmayıb. Buna baxmayaraq əlimizdən gələni edəcəyik ki, medallarımız olsun".