Federasiyada millimizlə görüş keçirildi
Azərbaycan Həndbol Federasiyasının rəhbərliyi Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatını qazanan qadın həndbolçulardan ibarət milli komandanın üzvləri ilə görüşüb.
Sportline.az xəbər verir ki, federasiya prezidenti Saleh Məmmədov V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanması münasibətilə komandanın üzvlərini təbrik edib. O, Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi şöhrət qazanmasını ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsi kimi dəyərləndirib. Azərbaycan hər il yeni-yeni beynəlxalq turnirlərin təşkilatçısı kimi böyük nüfuz qazanır, ən mötəbər yarışlarda mühim uğurlar əldə edir deyən Saleh Məmmədov belə bir tərəqqinin həndbolun inkişafı üçün də böyük imkanlar yaratdığını vurğulayıb.
Göstərilən diqqət və qayğıya görə federasiya prezidentinə minnətdarlıqlarını bildirən idmançılar əmin ediblər ki, komandanın qələbə soraqları yeni yarışlardan da eşidiləcək.
Komanda üzvlərini bir daha təbrik edən Saleh Məmmədov onlara yeni uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.