"Fənərbağça"nın Kocaeli sınağı

Bu gün Türkiyə Superliqasında 20-ci tura yekun vurulur.

Sportline.az xəbər verir ki, turun bağlanış matçında "Fənərbağça" "Kocaelispor"un qonağı olacaq.

Gərgin mübarizə vəd edən qarşılaşmada qonaqların imkanları yüksək qiymətləndirilsə də, istanbulluları olduqca çətin sınaq gözlədiyini söyləmək olar.

Doğma meydanda kifayət qədər inamlı təsir bağışlayan "Kocaelispor"un müqavimətini qırmaq heç də asan vəzifə deyil.

Bu komanda yarış cədvəlinin lideri "Qalatasaray"ı da əliboş yola salıb (1-0).

"Fənərbağça" ilə "Kocaelispor"un ilk dövrədəki görüşü isə İstanbul nəhənginin 3-1 hesablı qələbəsi ilə nəticələnmişdi.

Qeyd edək ki, sözügedən qarşılaşma bu gün Bakı vaxtı ilə 21:00-da başlanacaq. 

Bu tur ərəfəsində "sarı-lacivərtlilər" 43 xalla 2-ci, "Kocaelispor" isə 24 xalla 9-cu pillədə qərarlaşıb.