"Ferensvaroş"un Bakı imtahanı
Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab matçına çıxacaq.
Sportline.az xəbər verir ki, “Köhlən atlar” bu mövsüm Çempionlar Liqasındakı bütün oyunlarını qələbə ilə başa vurub. Ağdam klubu 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandasını 3:0, 1:0, 3-cü raundda isə Şimali Makedoniyanın “Şkendiya” kollektivini hər iki oyunda 1:0 və 5:1 hesabı ilə üstələyib. “Ferensvaroşla” səfər matçında da 3-1 hesablı qələbə qazanan Azərbaycan çempionu Liqa mərhələsinin qapılarını da qələbə ilə açmaq istəyindədir.
Yaralı rəqibin Bakıya revanş hissiylə gəldiyi heç kimə sirr deyil. Robi Kinin komandası məsələnin həllini əlavə vaxta aparmaq üçün belə ən azı iki top fərqi ilə qalib gəlməlidir. Bu, Macarsıtan çempionu üçün çox çətin tapşırıqdır. “Qarabağ” dogma azarkeşlər önündə çətin ki, buna imkan verə. Komandamız bugünkü qarşılaşmanın da favoriti sayılır və ilk görüşdəki nəticə də bunun nahaq yerə olmadığının sübutudur. Pley-offda keçirdiyi 5 oyundan üçündə qələbə qazanan “Ferensvaroş”u Bakıda olduqca çətin imtahan gözləyir.
Xatırladaq ki, bu komandalar 2022-ci ildə Çempionlar Liqasının 3-cü raundunda da üz-üzə gəlmişdilər. Həmin ildə də səfərdə 3:1 hesabı ilə qələbə çalan “Qarabağ” Bakıdakı oyunda 1-1 hesablı heç-heçəyə imza atmışdı. Bugünkü qarşılaşmada nələrin baş verəcəyini isə saat 20:45-də başlanacaq oyun göstərəcək.