Fərid Mansurov: "Çempionatın davam etdirilməsi təhlükəli idi"
"Əvvəlcədən məlumat vermişdim ki, İcraiyyə Komitəsinin iclasında iştirak edə bilməyəcəyəm. Amma müzakirələrin nədən getdiyindən xəbərim var idi".
Sportline.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin (İK) son iclasında qəbul olunan qərarlar barədə danışarkən deyib.
F.Mansurovun sözlərinə görə, ölkə idman baxımından çox geri düşsə də, insanların sağlamlığı daha önəmlidir: "Oyun bitəndən sonra futbolçuların hərəsi bir ailəyə, evə gedir. Orada böyük var, kiçik var. Əsas bu nüansları düşünmək lazımdır. İstənilən halda çempionatın davam etdirilməsi təhlükəli idi. Hətta oyunlar qapalı məkanda keçirilsə belə, futbolda təmas çox olur. Allah eləməsin, oyunçuların birində virus aşkarlansaydı, bütün komandaya yayılacaqdı. Premyer Liqanı virus mənbəyinə çevirə bilərdik".
Qeyd edək ki, AFFA İK iyunun 21-də bərpası nəzərdə tutulan Azərbaycan Premyer Liqasında, həmçinin ölkə kubokunda cari mövsümün dayandırılmasına iki gün öncə qərar verib. İK "Qarabağ"ı çempion elan edib, "Neftçi" gümüş, "Keşlə" isə bürünc medallara sahib çıxıb.