Nəriman Abbasov: "Bu, təkcə mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir"
Bir neçə gün öncə Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvada təşkil olunan “AMC Fight Night100” döyüş gecəsində Rusiya təmsilçisi, sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa çempionu Şamil Amirova üz-üzə gəlmişdi.
Sportline.az Bakusport.az-a istinadən xəbər verir ki, texniki nokautla qalib gələn idmançımız döyüşlə bağlı təəssüratlarını bölüşüb.
- Döyüşlə bağlı təəssüratların necədir?
- Döyüş biz istədiyimiz kimi keçdi. Düzdür, bir az ağır oldu. Çünki, rəqib məndən yuxarı çəki dərəcəsində çempion idi. Fiziki cəhətdən yorğun idim.
- İlk 2 raundda rəqib müqavimət göstərsə də, 3-cü hissədə zərbələrinə dözmədi...
- İlk raund bərabər səviyyədə keçdi. Amma ikinci hisssənin sonlarında üstünlüyü ələ keçirdim. Son 30 saniyəyə baxsanız, mənim onu yerdə döydüyümü görə bilərsiniz. Hakimlər də rusiyalı idi. Ona görə istəyirdilər ki, öz döyüşçüləri qalib gəlsin. Amma hiss edirdim ki, 3-cü raundda qələbə qazanacağam. Elə də oldu.
- Rəqibini necə dəyərləndirirsən?
- Rəqibim bildiyiniz kimi, güləş üzrə Avropa çempionudur. O, döyüşdən əvvəl demişdi ki, Dağıstan güləşi Aərbaycan güləşindən üstündür. Amma mən bildirmişdim ki, Azərbaycan güləşinin gücünü göstərəcəyəm. Şükür Allaha ki, göstərə bildim.
- Yəqin ki, məşqçiniz Şəhriyar Aabbasov səni döyüşə xüsusi hazırlaşdırmışdı?
- Əlbəttə ki. Bundan əvvəl sentyabrda kəmərimi müdafiə etməyi bacarmışdım. Həmin vaxt Şamil Amirov da çempion olmuşdu. Artıq bilirdim ki, aprel ayında döyüşəcəyik. Mən bir az istirahətdən sonra hazırlıqlara başladım. Oktyabr–noyabr aylarından bu döyüşə məşqlərimiz davam edir. Şəhriyar müəllimlə rəqibin zəif cəhətləri üzərində işləyirdik. Güləşçi dostlarım da gəlib mənə kömək edirdilər.
- Qələbə təəssüratların necədir?
- Bunu sözlə ifadə etmək olmur. Bu, ümumiyyətlə təkcə mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. Mən həmin döyüşdə Azərbaycan güləşinin gücünü göstərdim və bütün həmyerlilərimi sevindirdim.
- Arenada xeyli həmyerlimiz səni dəstəkləyirdi...
- Əvvəlcə, biz ora gedən gündən xeyli sayda bizi dəstəkləyənləri görürdüm. Əslində, başqa arenada olacaqdı döyüş. Amma pandemiyaya görə görüşü başqa zala saldılar. Ora daha balaca idi. Amma buna baxmayaraq 200-300 həmyerlimiz gəlmişdi. Böyük zalda olsa idi, bu say 1500-2000 olacaqdı. Çünki, biletlər satılmışdı.
Sonda qeyd edək ki, yüngül çəki dərəcəsində (70,3 kq) çempion kəmərinin sahibi olan Azərbaycan təmsilçisi titulunu qoruyub. "Lujniki"dəki görüş Abbasovun 29-cu sınağı olub. O, ümumilikdə 26-cı və ardıcıl 11-ci qələbəsini qazanıb. Əslində bu görüş aprelin 10-da gerçəkləşməli idi. Lakin həmin vaxt döyüş gecəsi çoxsaylı MMA azarkeşlərinin pandemiya şərtlərini pozaraq zalı tam doldurmaları səbəbindən təxirə salınıb. Xatırladaq ki, Nəriman Abbasov daha əvvəl 2020-ci ilin sentyabrında Rusiyanın daha bir təmsilçisi Mixail Qoqitidzeni məğlub edib.