"Fransanın oyun üslubu fərqlidir" - Rizvan Fərzəliyev
Futzal üzrə milli komandamız Avropa çempionatının final mərhələsində ilk oyununu fevralın 2-də Fransaya qarşı keçirəcək.
SportLine.az xəbər verir ki, Fransa millisi dünən İspaniya ilə üz-üzə gəlib və yarışın növbəti sürprizinə imza atıb. Görüş 4:4 hesablı bərabərliklə başa çatıb. Oyunu tribunadan izləyən millimizin kapitanı Rizvan Fərzəliyev fikirlərini Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə bölüşüb. Fransanın yaxşı oyun sərgilədiyini deyən təcrübəli oyunçu əsasə diqqət etməli olduqları məqamları göstərib:
“Fransa əsasən birə-bir oynamağa çalışdı. Oyun üslubları fərqlidir. Onlar fərdi deyil, hansısa epizod zamanı zonalı oyun tərzinə üstünlük verirlər. Amma bu o demək deyil ki, fərdi qabiliyyətlərindən rəqibini keçmək üçün istifadə etmirlər. Əksinə, fürsət yaxaladıqca, rəqibi tərkisilah etməyə çalışırlar. Həm də özlərindən o qədər əmindirlər ki, həmin zonaya kimsə sığortalamaq üçün gəlmir. Qol vurduqları epizodlara gəldikdə, birinci qol zamanı bizim taktikaya yaxın hərəkət etdilər, pressinq tətbiq edib topu qazandılar və hesabı açdılar. Daha sonra birə-bir rəqibini keçib fərqləndilər. Buraxdıqları qollara gəldikdə, biz də bu cür vəziyyətlərdən yararlana bilərik. Artıq bu işdə “stolba”mızın üzərinə çox iş düşür. Çünki dərhal topu ona ötürməliyik. Həmin anda bir balaca fərdi üstünlük qazansa, yaxınlığındakı komanda yoldaşına ötürmə edə və qol epizodu yarada bilərik. Ümumi götürdükdə, Fransa pis təsir bağışlamadı, sona qədər mübarizə apardılar. Əsas diqqət edəcəyimiz məqamlardan biri rəqibin müdafiədə yol verəcəyi səhvləri vaxtında dəyərləndirməklə bağlıdır. Artıq bunu taktiki tapşırıqlar əsasında edəcəyik”.