Futbol əfsanəsi millimizin baş məşqçisi ola bilər

Milli komandamızın baş məşqçi postuna daha bir namizəd bəlli olub. 

Sportline.az  Britaniyanın "The Sun" nəşrinə istinadən xəbər verir ki, söhbət, "Mançester Yunayted"in irlandiyalı əfsanəsi Roy Kindən gedir. 

İrlandiyalı sabiq futbolçuya, UEFA Millətlər Liqasında millimizə rəhbərlik etmək təklifi ünvanlanıb. Kindən bu mərhələni keçməsi istənilib. 

Nəşr bildirib ki, 49 yaşlı mütəxəssisə təklif edilən şərtlər cəlbedicidir və irlandiyalı baş məşqçi bunu qəbul edə bilər. Lakin o, doğru seçim etdiyinə əmin olmaq istəyir. Hazırda televiziyalardan birində ekspert kimi çalışan Kin növbəti 48 saat ərzində qərarını verməlidir. Çünki baş məşqçi axtarışları üçün müddət bitmək üzrədir. 

AFFA-ya yaxın mənbə nəşrə təsdiqləyib ki, Kin milli assosiasiyanın ən yaxşı seçimidir, lakin tezlikdə mütəxəssisdən cavab gözlənilir. 

Qeyd edək ki, Roy Kin son olaraq 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib.