Futzal üzrə Çempionlar Liqasında yeni mövsümün reqlamenti açıqlanıb
Futzal üzrə UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün reqlamenti açıqlanıb.
Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətindən Sportline.az saytına verilən məlumata görə, yeni mövsümün ilkin və əsas mərhələsinin püşkü iyulun 7-də atılacaq, yekunda isə qalib “dördlər finalı” ilə müəyyənləşəcək.
Yarış ilkin, əsas, elit və “Dördlər finalı” mərhələlərindən ibarət olacaq və mini-turnir şəklində keçiriləcək.
UEFA-nın milli komandalar üçün açıqlanan reytin cədvəlində üst sıralarda yer alan Portuqaliya, İspaniya, Qazaxıstan və Xorvatiyanın hər biri 2, qalan ölkələr bir komanda ilə təmsil olunacaq. Xorvatiya üçün bu şansın yaranmasına səbəb reytinq cədvəlinin 2-ci pilləsində yer alan Rusiya millisinin və klublarının UEFA bayrağı altında 2022/2023 mövsümündə təşkil olunacaq yarışlardan kənarlaşdırılmasıdır.
Son qalib İspaniyanın “Barsa” komandası və klub reytinqində 1-dən 11-dək, eləcə də 16-dan 19-dək olan pillələrdə yer alanlar A yolunda çıxış edəcək. 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. İlk 3 pilləni tutan klublar elit-raunda yüksələcək. Qalan klubların bir qismi, eləcə də ilkin mərhələdən vəsiqə qazanacaq komandalar B yolunda gücünü sınayacaq. Burada da 16 klub hər birində 4 iştirakçı olmaqla 4 qrupa səpələnəcək. Yekunda cəmi 4 – hər qrupdan bir komanda elit raundda oynamaq hüququna sahib çıxacaq. Elit raundda 16 komanda iştirak edəcək. Onlar da yenidən hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Yalnız qrup qalibləri “Dördlər finalı”na vəsiqə qazanacaq.
Püşkatma və oyun tarixləri:
İlkin və əsas mərhələnin püşkatması: 7 iyul
İlkin mərhələ: 23-28 avqust
Əsas mərhələ 25-30 oktyabr
Elit raundun püşkatması: 8 noyabr
Elit raund 22-27 noyabr
Final mərhələsi: aprel/may