Gimnastımızdan daha bir gümüş medal

İtaliyanın Neapol şəhərində 30-cu Yay Universiadasında Azərbaycan komandası daha bir medal qazanıb.

Sportline.az xəbər verir ki, Universiadanın bədii gimnastika yarışlarında milli komnadamızın üzvü  Zöhrə Ağamirova uğurla çıxış edib. Gürzlərlə hərəkətlərdə bacarığını nümayiş etdirən idmançımız gümüş medalın sahibi olub. 20,200 xal toplayan Ağamirova 8 iştirakçı arasında 2-ci yeri tutub. Bu, onun gimnastika yarışlarında 2-ci medalı olub. O, daha əvvəl çoxnövçülükdə gümüş mükafata yiyələnib. Qızıl medala  ukraynalı Yeva Meleşuk, bürünc mükafata isə rusiyalı Yekaterina Seleznyova layiq görülüb.

Qeyd edək ki, komandamızın üzvlərindən  daha əvvəl atlet Nazim Babayev 3 təkanla tullanmada və idman gimnastı Marina Nekrasova dayaqla tullanma hərəkətində qızıl medal qazanıb. Cüdoçumuz Hidayət Heydərov fərdi mübarizədə gümüş, komandanın özü isə bürünc medala yiyələnib. Bundan başqa taekvondoçumuz Patimat Abakarova da bürünc mükafatın sahibi olub.