Güləşçilər dünya çempionatına inamla başladılar
Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı keçirilir. SportLine.az AGF-nin saytına istinadən xəbər verir ki, ilk yarış günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub. Ağahüseyin Mustafayev 65 kq, Coşqun Əzimov 70 kq çəki dərəcələrində bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Final görüşündə Ağahüseyn Mustafayev Şimali Koreya idmançısı Gvanq Kinə 8:5 hesabı ilə qalib gələrək dünya çempionu olub. Coşqun Əzimov isə final görüşündə Rusiya idmançısı Maqamed Qurbanəliyevə məğlub olaraq gümüş medalla kifayətlənib. 61 kq-da mübarizə aparan Mircəlal Həsənzadə isə 5-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edir.