Güləşçimiz qızıl medal qazana bilər
Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pelikone turnirində finala yüksəlib.
Sportline.az xəbər verir ki, 72 kiloqram çəki dərəcəsində yer alan idmançı mübarizəyə 1/8 finaldan start verib. Bu mərhələdə macarıstanlı Kristian İstvan Vançanı yenən (5:1) Qənizadə ardınca, müvafiq olaraq, Valentin Petiçi (Moldova) 5:1, Haavard Yorgenseni (Norveç) isə 3:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Həlledici görüşdə onun rəqibi litvalı Kristupas Sleiva olacaq.
Qeyd edək ki, Azərbaycan yunan-Roma reytinq güləşçiləri turnirinin ilk günündə 4 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.