Güloğlan Cabbarov: "İqor Mitreski "Neftçi"yə qayıtmaq istəyir"

"Neftçi"nin sabiq kapitanı İqor Mitreski kluba qayıtmaq istəyindədir. Bu haqda Sportline.az saytına "Neftçi" klubunun keçmiş rəisi Güloğlan Cabbarov məlumat verib. Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti makedoniyalı futbolçu ilə həmin ölkənin paytaxtı Skopyedə görüşdüyünü bildirib. Hazırda seleksiya işləri ilə məşğul olan, "Vardar"a və Avropanın bəzi klublarına futbolçu cəlb edən Mitreski "Neftçi"dən təklif gözlədiyini deyib: "Bildiyiniz kimi sentyabr ayının ikisindən, on ikisinə kimi Skopyedə kiqboksinq uzrə gənclər ve yeniyetmələr arasında Avropa çempionatı kecirilirdi. Iqor Mitreski ilə orada görüşdüm. Demək olar ki, iki-uc gün bir yerdə olduq. "Neftçi"də birgə işlədiyimiz illəri, cempionluqları xatırladıq. Komandanın hazırkı vəziyyətini cox böyük üzüntü ilə qarşıladığını dedi. "Qarabağ"ın Çempionlar Liqasının qrupuna adlamasını, həmin klubda görülən işlərin duzgun aparıldığını və daha böyük uğurlara inandığını vurğuladı. Həmçinin qeyd etdi ki, "Neftçi"nin yenidən yüksəlişi üçün seleksiya işlərinə öz töhfəsini verə bilər. Bildirdi ki, "Neftci" dəvət eləsə, əlindən gələn köməyi əsirgəməz". Xatırladaq ki, İqor Mitreski 2010-2014-cü illərdə "Neftçi"nin formasını geyinib.