"Hər iki komanda üçün bu qarşılaşma böyük fürsətdir" - Qurban Qurbanov
“Sabahkı oyunda şansları bərabərdir. Hər iki komanda üçün bu qarşılaşma böyük fürsətdir, çünki mərhələ keçəcək komanda ən azından Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edir. Ona görə də, sabah bizi çətin və maraqlı mübarizə gözləyir".
SportLine.az "Qarabağ" Futbol Klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Şerif"lə (Moldova) cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
"Rəqibimiz təhlükəlidir, bir neçə oyun üslublarından istifadə edir. “Şerif”i olduqca yüksək qiymətləndirirəm" - deyə o bildirib.
Q.Qurbanov penaltilər seriyasına xüsusi hazırlaşmadıqlarını vurğulayıb: "Düzdür, penaltilər futbolun bir hissəsidir və bu oyunda penaltilər seriyasına qədər uzana bilər. Ancaq əsasən futbolçuları psixoloji cəhətdən ilk dəqiqələrdən oyuna köklənməyə çalışmışıq”.
Qeyd edək ki, "Şerif" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb.