"Hər kəs qələbəyə köklənmişdi" - Eduardo

"Bundan yaxşı başlanğıc ola bilməzdi. Çox hazırlaşmışdıq. Bu oyunda, eləcə də, İspaniya ilə oyunda uğurlu nəticə haqda düşünürdük. Bu gün qələbəyə nail olduq. Bizi daha bir çətin oyun gözləyir". SportLine.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin üzvü Eduardo deyib.

Fransa ilə görüşdən sonra fikirlərini UEFA-nın saytı ilə bölüşən futzalçımız komanda oyununun həlledici olduğunu vurğulayıb:

"Bu, komanda oyununun nəticəsidir. Hamı qələbəyə köklənmişdi. Hər kəs bir-birini dəstəkləyirdi. Futzalda kim soyuqqanlı davranırsa və vacib anlarda düzgün qərar verirsə, o da qalib olur. Bu gün biz daha diqqətli idik".

Qeyd edək ki, futzal üzrə Avropa Çempionatının ilk turunda Fransa ilə qarşılaşan Azərbaycan seçməsi rəqibini məğlub edərək (5:3) 1/4 finala yüksəlib.