Riçard Qadze: "Hər şeyi AFFA və PFL-in ixtiyarına buraxıram"

"Zirə" futbol klubunun qanalı hücumçusu Riçard Qadzenin "Report"a müsahibəsi

- Karantin dövrünü necə keçirirsiniz?

- Xüsusi heç nə etmirəm. Sadəcə evdə oluram. Filmlərə baxır və formada qalmaq üçün fərdi məşq edirəm. Hərdən isə bütün bunlar mənə darxıdırıcı gəlir.

- Evdə qalmaq çəkinizin artmasına səbəb olub?

- Bəli. Deyərdim ki, bir az kökəlmişəm.

- Mayın 23-də Premyer Liqanın bərpası gözlənilsə də, karantin müddəti uzadıldı. Halbuki Avropanın virusdan daha çox ölüm qeydə alınan ölkələri yavaş-yavaş öz çempionatlarını başlatmaq üçün hazırlıqlara start veriblər. Azərbaycanda futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına münasibətinizi bilmək istərdik...

- Ölkələrin əksəriyyətində futbolun bərpa olunacağını eşitmək yaxşı xəbərdir, bunu dəstəkləyirəm. İnsanlar futbol üçün darıxırlar. Amma eyni zamanda təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Çünki virus hələ də var. Ümid edirəm ki, Azərbaycan çempionatını da bərpa etmək mümkün olacaq.

- Bu amil futbolçulara psixoloji baxımdan necə təsir edə bilər?

- Bilirsiniz, futbol kontakt oyunudur. Belədə isə sizə kimdənsə virus keçə bilər. Bunu dərk ediriksə, hazırkı durumunun biz futbolçulara psixoloji təsiri daha az olmalıdır. Hamımız istəyirik ki, virus tamamilə məhv olsun.

- Sizcə, indiki halda çempionatı bərpa etmək daha məqsədəuyğun olar, yoxsa mövsümü vaxtından əvvəl bitirmək?

- Mövsümü vaxtından əvvəl yekunlaşdırmaq seçim olmamalıdır. 

- Mövsüm ləğv olunsa və kubok oyunları keçirilməsə, avrokuboklara 4-cü pillədəki "Sumqayıt" gedə bilər. Halbuki "Zirə" ilə eyni xalı var. Bundan başqa, kubokda da mübarizəni davam etdirirsiniz. Belə bir qərar komandanıza qarşı haqsızlıq olmayacaq?

- Bu, çox həssas sualdır. Ona görə də şərh vermək istəmirəm. Hər şeyi AFFA və PFL-in ixtiyarına buraxıram.

- Ümumiyyətlə, çempionatın yenidən bərpasına inanırsınız?

- Bəli, hər şey mümkündür. Çempionatın qaldığı yerdən davam edəcəyinə inanıram.

- Son vaxtlar haqqınızda müxtəlif transfer xəbərləri yazılır. Türkiyədən təkliflərinizin olduğu deyilir. İkinci dəfə "Zirə"dən getməyə hazırlaşırsınız?

- Bunu ilk dəfə sizdən eşidirəm. Ona görə də hər hansı fikir deyə bilməyəcəyəm. Hələ də əvvəlkitək "Zirə"nin futbolçusuyam.