II Avropa Oyunları: İlk gündə 4 idmançımız mübarizə aparıb

İyunun 21-də - Minskdə keçirilən ikinci Avropa Oyunlarının birinci günündə Azərbaycanın dörd idmançısı mübarizə aparıb.

Sportline.az xəbər verir ki, kişi boksçuların mübarizəsində Tayfur Əliyev (56 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxıblar. 

Kamandan oxatma yarışında isə ölkəmizin yeganə təmsilçisi Ozay Qasımova mübarizəyə qoşulub.

Boksçularımızdan ilk olaraq Tayfur Əliyev (56 kq) rinqə çıxıb. O, onaltıdabir finalda bolqarıstanlı Boyan Asenova 3:2 hesabı ilə qalib gəlib.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və nümayəndə heyətimizin üzvləri boksçumuzun qarşılaşmasına baxıblar.

Səkkizdəbir finalda Tayfur Əliyevin rəqibi ukraynalı Mikola Butsenko olacaq. Həmin qarşılaşma iyunun 24-də keçiriləcək.
Oyunların birinci günündə rinqə çıxan digər iki boksçumuz Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) da Bolqarıstan idmançıları ilə qarşılaşıblar. Hər iki idmançımız ilk görüşdə rəqiblərinə uduzublar.

Ozay Qasımova klassik kamandan oxatma üzrə reytinq yarışında 586 xal toplayıb. İdmançımız bu nəticə ilə otuzikidəbir finala vəsiqə qazanıb. O, iyunun 25-də otuzikidəbir finalda Almaniya təmsilçisi Elena Rixter ilə qarşılaşacaq.