"İkinci hissədə vəziyyəti düzəltdik" - Qriqorçuk
“Əsas nəticə idi. Bunu da əldə etdik”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Azərbaycan Premyer Liqasının XXI turunda “İnter”in qonağı olan “qırmızı-qaralar” 2 cavabsız qolla qələbə qazanaraq, liderliyini davam etdirib.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında ukraynalı çalışdırıcının qələbə şərhi belə olub: “Əsas nəticə idi. Nəticəni də əldə etdik”.
- Düşünmürsüz ki, ilk hissədə komandanın oyununun alınmamasında “Qarabağ”ın “Sumqayıt”a qalib gəlməsi rol oynadı?
- Belə düşünmürəm. Bəlkə də “Qarabağ”ın qalib gəlməsi səbəblərdən biri ola bilərdi. Bu, uşaqlarda narahatlıq yarada bilərdi. Ancaq ikinci hissədə vəziyyəti düzəltdik.
- Artıq ikinci oyundu ki, Dabo və Subotiç eyni vaxtda meydanda olanda, komanda qol vurdu. Növbəti matçda bu cütlüyü start heyətində görə bilərik?
- Onları əvvəllər də eyni vaxtda meydanda görə bilərdik. Ancaq Dabo zədəli idi. Buna görə imkan olmurdu. Artıq Dabonun zədəylə bağlı narahatlığı qalmayıb.
- Rasim Ramaldanovun durumu necədi?
- Futbolçunun reaksiyasından belə hiss etdim ki, sınıq var. Amma bu, dəqiq deyil. Ümid edirəm ki, Elvin Camalovdan sonra onda da belə zədə olmasın.
- Komanda çempionatda yaranacaq fasiləni necə dəyərləndirəcək?
- Elə də böyük fasilə deyil. Növbəti oyun ayın 14-dədi. Məşqlərimizi davam etdirəcəyik. Bəzi futbolçularımız millinin heyətində olacaq.
- Futbolçuların milliyə dəvət olunması növbəti oyununun hazırlığına təsir etməyəcək ki?
- Oyunçuların milli komandaya getməsini anlayırıq. Yığmanı qarşıda çətin oyunlar gözləyir. Düzdü, bu, bizə müəyyən çətinliklər yaradır, ancaq biz fəxr edirik ki, oyunçularımız milliyə cəlb edilir.