İllərin məhəbbəti, “Spartak”

Bəlkə də söhbətimə meydan sahibi olduğu üçün Peterburq təmsilçisi “Zenit”dən başlamalı idim. Amma təqvimə baxanda diqqətimi çəkən bir məqam girişin məhz moskvalılarla olmasını qətiləşdirdi. Açığı, bu rəqəmə rast gəlməsəm də, çox güman ki, ilk olaraq elə “Spartak”dan danışacaqdım. Bu barədə bir qədər sonra.

“Spartak” adı bütün dünyaya Roma imperiyasına meydan oxuyan tarixi üsyankar kimi tanınsa da, “futbol nədir?” deyə qavramağa çətinlik çəkdiyim kiçik dünyama əzmkarlıq nümunəsi kimi qədəm qoyub. Bu meydan isə fərqli meydandır... 

Həmin illəri çox yaxşı xatırlayıram. Düyməli sehirli güzgümüzü uzaqdan idarə olunan Yaponiya istehsalı televizorla əvəzləmişdik. Sevincimin həddi-hüdudu yox idi. “Spartak”ın oyunlarını daha keyfiyyətli izləmək imkanımız vardı. Yenə qonşumuz Ramiz dayı bizə gələcək, atamla birgə matç izləyəcək, mənsə dinməzcə onlarla oturacam. Oyun vaxtı tanımadığım adlar çəkiləcək... 

Beynimdə o qədər suallar vardı ki... Hər dəfə də “filankəs kimdir?” deyə soruşanda bir cavab eşidərdim: “oyundan sonra deyərəm”. Amma hər dəfə də oyundan sonra həmin sualı unudardım. Çünki o adları xatırlamazdım.

İndi isə xatırlayıram. Məhz həmin suallar mənə futbolu öyrətdiyi kimi, sevinci, təəssüfü, qəzəbi, həyəcanı eyni vaxtda yaşamaq necə oluru öyrətdi. 
Uşaqlıq illərimin ən yaddaqalan günlərindən danışıram. Aleksandr Filimonov, Ruslan Niqmatullin, Ramiz Məmmədov, Dmitri Xlestov, Dmitri Aleyniçev, Yeqor Titov, Luis Robson, Aleksandr Şirko, Andrey Tixonov, Valeri Keçinov kimi aparıcı oyunçuları ilə çempionluğa oynayan 1997-ci ilin “Spartak”ından danışıram. Həmin il Rusiya çempionatının ən güclüsü olanda spartaksevərlərin sevinci yerə-göyə sağmırdı. Ardıcıl ikinci çempionluq və 4-cü ulduza bir az da yaxınıq. Mənimlə birgə minlərlə azarkeşin sevincini təsəvvür etmək çətin deyildi. “Spartak” sevgisi illərin sevgisi idi. O illər ki, sovetlərin xatirəsini özündə birləşdirirdi.

12 dəfə SSRİ Kubokunu qazanan klubdur “Spartak”. 2001-ci il... 1997-ci ildən sonra Moskva təmsilçisi ardıcıl 5-ci, ümumilikdə isə 9-cu Rusiya çempionluğunu bayram etdi.

Amma son illər “Spartak” daha çox uğursuzluqları ilə diqqət çəkir. Məyusluq ümumi olsa da, ayrı-ayrılıqda yaşanır. Bir tərəfdə 15 ildir çempion ola bilməyən Moskva təmsilçisi, digər tərəfdə hələ də ona böyük rəğbəti olan azarkeş ordusu.

İlləri vərəqləyən, yatmış xatirələri oyadan “Spartak”. Böyüklərimizin gəncliyini yada salan Moskva xatirələri. 

Hazırkı turnir cədvəlindəki vəziyyət deyir ki, “Spartak” bu il də qızıl medallardan kənarda qalacaq. Moskvalılar 23 oyundan sonra 37 xalla 7-ci yerdədir.

“Zenit” isə ardıcıl ikinci çempionluğunu reallaşdırmaq istəyir. Piterlilər hazırda 43 xalla 3-cü sıradadır və birincilik şansını saxlayır. 

Sona 7 tur qalmış “xalq komandası” “Spartak”ın və spartaksevərlərin bu istəyi isə çətin ki reallaşsın. Amma “Zenit”lə görüşün “Spartak” üçün bir xüsusi önəmi var. Söhbətimin əvvəlində qeyd elədiyim tarixə qayıdıram. Aprelin 16-ı “Spartak” Sankt-Peterburqun “Petrovski” stadionunda piterlilərlə qarşılaşır. Qələbə qazanmaq nə gözəl olardı, elə deyilmi?! Axı, bu oyundan 2 gün sonra sevimli “Spartak”ın 94 yaşı tamam olur. 

DOĞUM GÜNÜN MÜBARƏK, ƏZİZ “SPARTAK”!!!

Ürfan Məmmədli
CBC Sport