İrina Zaretska: "Zirvədəki mövqeyimi qoruyacağıma ümid edirəm"

Karateçilərimiz qarşıdakı Olimpiya oyunlarına qatılmaq üçün ciddi səy göstərirlər.

Tokioya yollanmağa ən real namizədlərdən biri də İrina Zaretskadır. Təcrübəli karateçi bugünlərdə Madriddə yekunlaşan Karate 1 Premyer Liqasındakı qələbə ilə məqsədinə doğru daha bir addım atıb. 68 kq-dək çəki dərəcəsində mübarizə aparan idmançı Sportline.az saytına açıqlamasında Tokio-2020-yə olan imkanlarını belə qiymətləndirib:

"İlin son yarışında qələbə qazanmaq çox vacib idi. Çünki yekunlara əsasən, 2019-cu ilin qalibləri müəyyənləşirdi. Madriddə 1-ci yeri tutmaqla "Qrand Vinner" mükafatına layiq görüldüyümdən qürur duyuram. Hazırda reytinqdə 1-ciyəm, qarşıda isə 5 lisenziya turniri var. Ümid edirəm ki, bu yarışlarda da uğurlu çıxış edərək zirvədəki mövqeyimi qoruyacağam".