İrina Zaretska: "İkiqat dünya çempionu olan ilk qadın karateçiyəm"
Azərbaycanın qadın karateçisi, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısısı, ikiqat dünya və Avropa çempionu İrina Zaretskanın (68 kq) "Report"a müsahibəsi
- Əvvəlcə sizi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında qızıl medal qazanmağınız münasibətilə təbrik edirik. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Təbrikə görə çox sağ olun. Bu il dünya çempionu olmaq əsas hədəflərimdən biri idi. İlin son yarışında mübarizə aparmaq, bu kateqoriyada ən yaxşı olduğumu növbəti dəfə sübut etmək və qızıl medal qazanıb Azərbaycanın himnini səsləndirmək çox gözəl hisslərdir.
- Yarış sizin üçün necə keçdi və ən çətin görüşünüz hansı idmançıya qarşı oldu?
- Dünya çempionatında qarşılaşdığım bütün idmançılar əsasən prinsipial rəqiblər idilər. Aralarında nə vaxtsa uduzduğum və ya çox vaxt udduğum idmançılar var idi. Ona görə də qələbə qazanmaq üçün görüşlərə köklənmək və düzgün taktika seçmək asan deyildi. Ukraynalı Qalina Melnik və avstriyalı Alisa Buxingerlə döyüşlərim gərgin alındı. Sonuncuya 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının finalında böyük hesabla qalib gəlmişdim. Onunla budəfəki görüşüm də uğurlu alındı və rəqibimi vaxtından əvvəl 10:3 hesabı ilə məğlub etdim. Hətta Buxinger görüşün başa çatmasına 12 saniyə qalmış döyüşməkdən imtina etdi. Çünki heç nə edə bilmirdi.
- Bəs italiyalı Silviya Semeraroya qarşı final görüşü barədə nə deyə bilərsiniz?
- Əlbəttə, final döyüşü də prinsipial keçdi. Rusiyanın paytaxtı Moskvadakı Karate1 Premyer Liqa turnirində ona uduzmuşdum. Dünya çempionatının startına 1 ay qalmış əvvəlki səhvlərimin üzərində ciddi işlədim və əla döyüşlə finalda qələbə qazandım.
- Adətən, titullu idmançılar olimpiadadan sonra ən azı ilin sonunadək yarışlara qatılmağa yox, daha çox istirəhət etməyə üstünlük verirlər. Siz isə Tokio-2020-də gümüş medal qazandıqdan sonra dünya çempionatında iştirak edərək mükafatın əyarını yaxşılaşdırdınız...
- Bilirsiniz, karate üzrə dünya çempionatı 2 ildən bir keçirilir. Yəni, digər idman növlərində olduğu kimi, hər il təşkil edilmir. Belə bir yarışı buraxmaq mənim planlarıma daxil deyildi. Hətta nəzərə alaq ki, sonuncu dəfə 2018-ci ildə dünya çempionatında iştirak etmişdik. Orada da qızıl medal qazanmışdım. Bir sözlə, 3 ildir mundialsız qalmışdıq. Üstəlik, Tokio olimpiadasında, hesab edirəm ki, qızıl medal əlimdən alındı. Hakimlər olimpiadadan qalib kimi qayıtmağıma mane oldular. Ona görə də dünya çempionatına daha motivasiyalı getmişdim. Bir daha hər kəsə sübut etdim ki, bu çəkidə ən yaxşıyam. Mən karate tarixində ikiqat dünya çempionu olan ilk qadın idmançıyam.
- Azərbaycanda ilin idmançısı seçilməyə əsas namizədlərdən biri hesab olunursunuz. Özünüzü bu mükafata layiq görürsünüz?
- Həyatımda son 3 il Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığa həsr olunub. Gündə 2 dəfə olmaqla, ciddi rejimdə məşq ediridim. Həmçinin qida və yuxu rejimimə də riayət edirdim. Özümü bütövlükdə idmana həsr etmişdim. Bu il həmçinin Avropa çempionu olmuşam.
- Gələcəklə bağlı planlarınız nədən ibarətdir?
- Nəhayət, özümə istirahət verəcək, yaxşıca dincələcəyəm. Yeni İldən sonra isə gələn yay keçiriləcək "SportAkkord" Ümumdünya Döyüş Sənəti Oyunlarına hazırlaşacağam. Artıq həmin yarışa lisenziya qazanmışam. Hesab edirəm ki, Azərbaycan Milli Karate Federasiyası orada iştirakım və ölkəyə növbəti qızıl medalı gətirə bilməyim üçün mümkün olan hər şeyi edəcək.