Joze Alesio Da Silva: "Hər çempionluğun öz ləzzəti var"

"Hər çempionluğun öz ləzzəti var".

Sportline.az xəbər verir ki, bunu "Araz-Naxçıvan" futzal klubunun baş məşqçisi Joze Alesio Da Silva Yüksək Liqanın final oyununda "Neftçi"ni 4:1 hesabı ilə məğlub edərək 17-ci dəfə Azərbaycan çempionu olmaları barədə "CBC Sport"a açıqlamasında deyib.

Braziliyalı mütəxəssis bildirib ki, hər dəfə yeni titul qazananda fərqli emosiyalar olur: "Bu cür matçların sayı çox olmalıdır. Belə qarşılaşmalarda yeni oyunçular yetişir".

O, final oyununun çətin keçdiyini söyləyib: "Belə olacağını bilirdik. Çünki "Neftçi" çempionat ərzində bizə yaxşı müqavimət göstərib. Maraqlı görüş alındı".

Da Silva Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək komandasının hədəflərini də açıqlayıb: "Məqsədimiz elit raunda adlamaqdır. Bunun üçün çalışırıq. Amma, gərək, yerli çempionatımız da güclü olsun".