"Kəpəz"in futbolçusu belə bıçaqlanıb
“Kəpəz”in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatları açıqlanıb. Hadisə bu gün səhər saatlarında Gəncə şəhərində qeydə alınıb.
Sportline.az xəbər verir ki, futbolçu yaxın dostu və iki xanım tanışı ilə birlikdə “Krazima Lounge” restoranında olublar. Daha sonra tərəflər səhər saatlarında xanımları evlərinə yola salarkən, Müseyib Bağırov küçəsində insident baş verib.
Belə ki, qadınlardan birinin keçmiş sevgilisi onlara yaxınlaşaraq vəziyyətlə maraqlanıb. Tərəflər arasında yaranan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. Hadisəni sakitləşdirməyə çalışan Veysəl bu zaman bıçaq xəsarəti alıb.
Qeyd edək ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. DİN-in regional qrupundan bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, bu gün saat 05:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi) xəstəxananın nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub.
Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.