"Lester"in yeni baş məşqçisi müəyyənləşdi

"Lester" klubunun yeni baş məşqçisi müəyyənləşib. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, Klaudio Ranyerinin istefasından sonra boş qalan baş məşqçi vəzifəsinə Kreyq Şekspir təyin olunub. "Tülkülər" hazırda baş məşqçi vəzifəsini müvəqqəti yerinə yetirən mütəxəssisin uğur qazanacağına inanır.

2011-ci ildən "Lester"də köməkçi-məşqçi vəzifəsində çalışan 54 yaşlı ingiltərəli mütəxəssislə mövsümün sonuna qədər müqavilə bağlanılıb.

"Tülkülər" onun rəhbərliyi altında çıxdıqları 2 matçdan qalib ayrılıblar. Son çempion evdə "Liverpul" və "Hall Siti"ni 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Klaudio Ranyeri fevralın 24-də, "Lester"in Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniyanın "Sevilya" komandasına 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. "Lester" hazırda İngiltərə Premyer Liqasında 27 xalla 15-ci pillədə qərarlaşıb.