Maaşı azalan ulduz futbolçu komandaya qayıtmaq istəmir

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo İtaliyaya qayıtmaqdan imtina edir.

Sportline.az xəbər verir ki, “L’Equipe” nəşri yazıb ki, futbolçu maaşlarının azaldılmasına etiraz olaraq bu addımı atıb.

Qeyd edək ki, Turin klubu koronavirus pandemiyasının yaratdığı ağır iqtisadi çətinlik səbəbindən futbolçuların maaşında ixtisar edib.

Hazırda komanda məşqlərini bərpa etsə də, 25 yaşlı oyunçu vətəni Fransadadır və uzun müddət orada qalmaq fikrindədir. Məlumata görə, Rabyo geri qayıtmaqla bağlı “Yuventus”un zənginə cavab verməyib. Sonra isə o, Turinə getməyəcəyini bildirib.

“Yuventus” isə futbolçunun bu addımını qeyri-peşəkarlıq kimi qiymətləndirir. Onlar hesab edir ki, Rabyo əslində onun İngiltərə Premyer Liqada oynamasını istəyən anası və agentinin sözlərinə uyaraq geri qayıtmır.