Mahir Emreli: "Ağdama səfərimiz zamanı qəribə hisslər keçirdim"

"Ağdama səfərimiz zamanı oradakı insanları görüb qəribə hisslər keçirdim. Həm sevinc, həm kədər var idi. Onları o vəziyyətdə görmək insanı düşündürür".

Sportline.az xəbər verir ki, bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli bir neçə gün öncə Ağdama səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

23 yaşlı  hücumçu bildirib ki, yardım etdikləri insanların xalqımıza, onun dəstəyinə ehtiyacı var: "Hər birimiz bacardığımız qədər onlara dəstək olmalıyıq. Ən toxundurucu məqam Quzanlı stadionuna ayaq basmağım oldu. Orada heç vaxt olmamışdım. İlk dəfə idi. Bir anlıq təsəvvür etdim ki, orada oynayıram. İstərdim ki, Quzanlıda heç olmasa 1 oyun keçirim".

Emreli Ağdamda "Qarabağ" haqqında xeyli xoş söz eşitdiklərini söyləyib: "Bizi çox gözəl qarşıladılar və qayğımıza qaldılar. İcra başçısı daha çox Qurban Qurbanov və Əmrah Çəlikəllə söhbət etdi. Ona görə də nə danışdıqlarından xəbərim olmadı".

Qeyd edək ki, "Qarabağ" klubunun üzvləri mayın əvvəlində Ağdama yollanaraq 1 500 ailəyə ərzaq yardımı edib.