MDB Oyunları bu şəhərdə keçiriləcək

Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunlarının keçiriləcəyi şəhər və vaxt dəqiqləşib. 

Sportline.az xəbər verir ki, bu barədə Tatarıstan İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, ilk yarış 2020-ci il 20 - 27 avqustda Rusiyanın Kazan şəhərində təşkil olunacaq. 

MDB Oyunlarının iştirakçıları Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna olacaq. Bunlara əlavə olaraq,Təşkilat Komitəsi digər ölkələri dəvət edə bilər. Kazanda 2000-dən çox idmançı və 600 rəsmi şəxsin iştirakı gözlənilir.

Oyunlarda cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, futzal, boks, tayland boksu, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, ağırlıqqaldırma, güləş, qol güləşi, kəmər güləşi, basketbol və atletika idman növləri olacaq. 

Turnir çərçivəsində həmçinin işgüzar proqram "MDB Forumu - idmanın əhatəsi" və geniş mədəni-əyləncəli proqram gözlənilir.