Milli komandanın baş məşqçisi: “Yunanıstanla oyunda qələbə şansımız 70 faizdir”
“Yunanıstanla oyunda qələbə şansımız 70 faizdir”.
Sportline.az xəbər verir ki, bunu açıq məşq zamanı jurnalistlərə futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Alesio Da Silva DÇ-2024-ün əsas mərhələsində Yunanıstanla keçiriləcək oyundakı şanslarını dəyərləndirərkən deyib.
Braziliyalı mütəxəssis matça hazırlığın yüksək səviyyədə keçmədiyini etiraf edib: “Hazırlıq heç də ideal şəkildə keçmir. Çünki çox az vaxtımız var. Bu da FIFA-nın təyin elədiyi zamanla əlaqədardır. Cəmi 4-5 günlük oyun pəncərəsi günü var. Yoldaşlıq görüşü də keçirə bilmədik. Cəmi 5 məşqimiz olacaq. Buna baxmayaraq, qarşıya qoyulan məqsədə çatmağa çalışırıq”.
Baş məşqçi Yunanıstan üzərində qələbəyə kökləndiklərini söyləyib: “Yunanıstanla artıq üç dəfə oynamışıq və hər üçündə qalib gəlmişik. Onların növbəti mərhələ üçün şansları yoxdur. Bununla belə, qrupu qalibiyyətsiz tamamlamamağa çalışacaqlar. Hazırlığımızı qarşıdakı iki görüş üçün nəzərdə tutumuşuq. İlk olaraq Yunanıstanla matça köklənmişik. İndiki məqamda bu, daha əhəmiyyətli matçdır. Ondan sonra Polşa ilə görüşü düşünəcəyik”.
Alesio Da Silva zədədən əziyyət çəkən Fineo De Araujonun durumunun ciddi olmadığını vurğulayıb: “Yalnız Fineoda yüngül zədə var. Ancaq bu da onun oynamasına mane olmayacaq. Düzdür, Amir Şojaei zədə ilə bağlı qarşıdakı matçlarda iştirak edə bilməyəcək. Ancaq onun yoxluğu problem yaratmayacaq. Çünki yaxşı heyətimiz var”.
Qeyd edək ki, Azərbaycan millisi martın 3-də Bakıda Yunanıstanla, 7-də isə səfərdə Polşa ilə qarşılaşacaq.