Millimiz Avropada 1-ci oldu
Azərbaycan güləş millisi ötən həftə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında komanda hesabında 1-ci yeri tutub.
Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində 4 medal qazanıb. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xasay Həsənli (77 kq) isə ikinci yeri tutub. Yığmamız medalların əyarına görə Avropanın ən güclü komandası olub.
Daha sonra estafeti qəbul edən qadın güləşçilərimizdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) isə bürünc medal əldə ediblər.
Çempionatın son günlərində sərbəst güləşçilər mübarizəyə qoşulub. Maqomed-Bəşir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb. Toplamda 140 al toplayan yığmamız həm medalların əyarına, həm də xallara görə komanda hesabında 1-ci yeri tutub - 6 qızıl, 3 gümüş və 3 bürünc. Beləliklə, bu millimiz ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.
Ukrayna (5-5-5) ikinci, Fransa (3-2-2) isə üçüncü pillədə qərarlaşıb.