Millimizin qapıçısı Rusiya klubuna keçdi
Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.
Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətindən Sportline.az saytına verilən məlumata görə, 31 yaşlı qolkiper hazırda yerli çempionatın lideri olan “Torpedo” ilə anlaşıb.
Martın 27-də yeni klubuna qoşulacaq Hüseynli qarşıdakı 2 ay müddətində bu komandanın formasını geyinəcək.
Yığma üzvü 2020-ci ildə bu klubdan təklif aldığını və danışıqların olduğunu söyləyib: "Sadəcə, koronavirusa görə əksər çempionatlar dayandırıldı. Buna görə də danışıqlara ara verdik. Təxminən bir həftə əvvəl Nijni Novqorod təmsilçisinin rəsmiləri yenidən mənimlə əlaqə yaratdılar və komandaya dəvət etdilər. Əlbəttə, “Araz-Naxçıvan”la müqaviləm davam etdiyinə görə, əvvəlcə klub rəhbərliyinin razılığını almalı idim. Onlar da qarşıda klubu pley-off mərhələsinin oyunları gözləməsinə rəğmən, keçidim üçün “yaşıl işıq" yandırdılar".
Qapıçı ukraynalı həmkarı Yevgeni İvanyakın “Torpedo”dan ayrıldığını xatırladıb: "O, məlum hadisələrdən sonra Belçika klublarından birinə keçdi. Nəticədə Nijni Novqorod təmsilçisi mənimlə anlaşdı. Həm də Rusiya Mini-Futbol Assosiasiyası hazırkı məqamda klublara ancaq qapıçı transfer etməyə icazə verib".
Oyunçu komandanın ölkə çempionu olmaq istədiyini vurğulayıb: "Hazırda UEFA-nın tətbiq etdiyi sanksiyalar barədə danışmaq tezdir. Zaman özü hər şeyi tənzimləyəcək. İndiki məqamda komandanın məqsədi Rusiya çempionu olmaqdır. Məni də heyətə bu məqsədlə dəvət ediblər. Hələ ki, çempion olaq. Növbəti qərar zamanı təbii ki, real vəziyyəti dəyərləndirib, ona uyğun addım atacağam".
Hüseynli başqa klublardan da təkliflərinin olduğunu gizlətməyib: "Bu mövsüm Fransanın iki klubundan təklif almışdım. İlk təklif yaya təsadüf etdi. Həmin vaxt komanda UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunlarına yollanmağa hazırlaşırdı. Səfərə çıxmağımıza az vaxt qalmışdı. Komandanın qarşısına isə mərhələ adlamaq, əsas raundda iştirak etmək tapşırığı qoyulmuşdu. Ona görə “Araz-Naxçıvan”dan ayrıla bilmədim. Qış fasiləsində gələn dəvət isə sərfəli deyildi".
Təcrübəli oyunçu ilk dəfə legioner həyatı yaşayacağını sözlərinə əlavə edib: "Bunun həyəcanını indidən yaşayıram. Darıxmayacağam, çünki peşəkar idmançıyam, öz qərarımın ardınca gedirəm. Çalışacağam karyeramda açılan yeni səhifə uğurlu alınsın, Bakıya Rusiya çempionu kimi dönmək istəyirəm".