Millimizin qarşısındakı hədəflərin dəyişməsi: 10 xal topla, tarix yaz! - LAYİHƏ

SportLine.az dəyərli oxucularına “Yığma komanda: son seçmə mərhələnin analitik-statistik yekunu; AÇ-2020 üçün baza rolunu oynayacaq yığmanın seçimi və formalaşdırılması; yığmanı gücləndirmək imkanı: islahat, yoxsa inqilab yolu?” adlı layihə çərçivəsində 9-cu yazını təqdim edir.

Ötən yazıda qeyd etmişdik ki, millimiz Bakıda Şimali İrlandiyaya, Osloda Norveçə məğlub olmaqla hədəflərindən xeyli uzaq düşdü. Daha sonra isə məlum oldu ki, Robert Prosineçki də öz gələcəyini Azərbaycan millisi ilə birlikdə görmür və “Bursaspor”la danışıqlar aparır. Bütün bunlar komandamızı həm də psixoloji cəhətdən sarsıdır, hədəflərimizi qeyri-müəyyən edirdi. Oslodakı məğlubiyyət vəziyyəti daha da qəlizləşdirdi. 0:2 hesablı məğlubiyyət və 4-cü pillənin də əldən çıxması “Niyə də yox?!” şüarını bizə unutdurdu. Bu dəfəki yazımızda məhz həmin proseslərdən və qarşıda duran hədəflərdən bəhs edəcəyik.

Bu məğlubiyyətlər dünyanın sonu deyildi

Sözsüz ki, heç də hər kəs hadisələrin bu cür gedişatını, millimizin 5-ci pilləyə qədər geriləyəcəyini təsəvvür etmirdi. Startdakı ilk 3 oyunda qapımızı toxunulmaz saxlamış, məğlubiyyətsiz oyunlar seriyası sayəsində 7 xal toplamışdıq. Bununla da qrupda Almaniyanın təqibçisinə çevrilmişdik. Amma davamını gətirmək mümkün olmadı. Şimali İrlandiyaya evdə və səfərdə uduzan komandamız Almaniya, eləcə də Norveçlə qarşılaşmalardan da xalsız ayrıldı. Bizim uğursuz oyunlarımıza paralel olaraq isə rəqiblərimiz öz vəziyyətlərini sabitləşdirir, xallar qazanırdılar. Belədə bizim də geriləməyimiz, 5-ci sıraya yuvarlanmağımız da qaçılmaz oldu. Artıq bizdən sonra yalnız San Marino yer alırdı. “Cırtdanlar”ın qalan oyunlarda bizi keçməsi mümkünsüz idi. Deməli, biz sonuncu pilləyə düşməyəcəkdik. Çətin ki, bu məqam azarkeşləri sevindirib, təskinlik tapmağımıza yetərli olardı.

Hər nə qədər təəssüflənsək də, topladığımız 7 xal və qərarlaşdığımız 5-ci pillə bizim üçün heç də dünyanın sonu deyildi. Artıq millimizin qarşısında yeni hədəf dayanırdı. Növbəti oyunda qarşılaşacağımız San Marinonu məğlub etməklə yeni bir ilkə imza atacaqdıq. Belə ki, “cırtdanlar”la oyundan qələbəylə ayrılmaqla aktivimizdəki xalların sayını 10-a çatdıracaqdıq. Millimiz indiyə qədər iştirak etdiyi seçmə mərhələlərdə heç vaxt bu qədər xal toplamağı bacarmamışdı. Yalnız bir dəfə Berti Foqtsun rəhbərliyi ilə buna yaxın olmuşduq. 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə oyunları zamanı komandamız əldə etdiyi 1 qələbə, 6 bərabərlik sayəsində 9 xal toplamışdı. Həmin vaxt Şimali İrlandiyanı Bakıda məğlub etmiş, səfərdə 1:1 hesablı heç-heçəyə razılaşmışdıq. Lüksemburq və İsraillə hər iki qarşılaşma, Rusiya ilə doğma meydandakı oyun da “sülh”lə bitmişdi. Maraqlıdır ki, 9 xal sayəsində qrupumuzun dördüncüsü olmuşduq. Bu dəfə toplayacağımız 10 xal 4-cü pilləyə yüksəlməyimizə yetərli olmasa belə, yeni rekorda çatmağımızla əlamətdar olacaqdı. Deməli, bədbinliyə qapılmamağa, qələbə üçün oynamağa dəyərdi. Həm də rəqibin gücünü nəzərə alanlar bu qələbənin ikiqat vacib olduğu birmənalı hədəf kimi qəbul edirdi. San Marino ilə oyundakı xal itkisinə bəraət axtarmağa dəyməzdi.

Rekord darmadağınla gəldi

Millimiz ən fərqli qələbəsini 1999-cu ilin iyun ayının 5-də Lixtenşteyn üzərində 4:0 hesabı ilə qazanmışdı. Azarkeşlər San Marino ilə oyunda bu rekordun da yenilənəcəyinə ümid edirdilər. Hadisələri qabaqlayaraq qeyd edək ki, millimiz qol sayını artırmağı bacardı, amma hesab arasındakı fərq dəyişmədi. Çünki San Marino millisi seçmə mərhələ ərzində ikinci dəfə qol sevincini bizimlə oyunda yaşadı. Buraxılan qol əhvalımızı bir az korlasa da, ümumilikdə böyükhesablı qələbəmizin üzərinə kölgə sala bilmədi. Millimiz “cırtdanlar”ı düz beş dəfə meydanın mərkəzinə dəvət etdi. Norveçlə oyundan sonra güclənən tənqidlərin fonunda və rekorda imza atmaq üçün bu qələbə xeyli vacib idi.

Rəqibin San Marino olması Prosineçkinin və futbolçuların üzərindəki gərginliyi azaltmışdı. Elə bunun nəticəsi idi ki, seçmə mərhələ ərzində ilk dəfə “çərçivə” Səlahət Ağayevə tapşırılmışdı. Komandamızın əsas qapıçısı sayılan Kamran isə oyunu ehtiyat oyunçular skamyasından izləyirdi. Kapitan Rəşad Sadıqovla birlikdə meydanda mübarizə aparanlar isə bu futbolçular idi: Maqomed Mirzabekov, Araz Abdullayev, Ramil Şeydayev, Təmkin Xəlilzadə, Cavid Hüseynov, Rahid Əmirquliyev, Riçard Almeyda, Tərlan Quliyev, Əfran İsmayılov. Qeyd edək ki, qarşılaşmanın 72-ci dəqiqəsində millimiz üçün vacib bir hadisə də baş verdi. Prosineçki azarkeşlərin səbrsizliklə iş başında görmək istədiyi Renat Dadaşovu Araz Abdullayevin əvəzinə meydana buraxdı. Bundan 10 dəqiqə əvvəl Ağabala Ramazanov Əfran İsmaylovun, 69-cu dəqiqədə isə Qara Qarayev Cavid Hüseynovun əvəzinə oyuna qoşulmuşdu.

Montoneqrolu Nikola Dabanoviçin idarə etdiyi qarşılaşma Əfran üçün xüsusiylə yadaqalan oldu. Şimali İrlandiya ilə oyunda topu özünə çox saxladığına görə tənqid olunan yarımmüdafiəçi 20-ci dəqiqədə vurduğu qolla azarkeşləri ayağa qaldırdı. 5 dəqiqə sonra Araz Almeydanın ötürməsini tora qovuşdurdu. Fasiləyə qədər iki epizodda Şeydayev fərqi artıra bilərdi, amma son anda bəxtsizlik ona mane oldu. Azarkeşlərin bu oyunda qol gözlədiyi Ramil meydanda ən fəallardan olsa da, fərqlənə bilmədi. Əvəzində Əfran 57-ci dəqiqədə “dubl”unu rəsmiləşdirdi. 4-cü qolu “cırtdanlar” öz qapılarına vurdular. Rəqib 74-cü dəqiqədə Səlahəti məyus etməyi bacardı. Mirko Palazzi başla fərqlənməklə azarkeşləri məyus etdi. Oyunda son nöqtəni isə Rəşad qoydu. Sadıqovun cərimə zərbəsindən vurduğu mükəmməl qol millimizin 5:1 hesablı qələbəsini və rekord 10 xalı rəsmiləşdirmiş oldu.

Millimizin qələbəsi Norveçin Almaniyaya 0:6, Çexiyanın Şimali İrlandiyaya 0:2 hesabıyla məğlub olduğu tura təsadüf etdiyindən turnir cədvəlində də ciddi yerdəyişmə baş verdi. 10 xal sayəsində 3-cü pilləyə yüksəlsək də, bu yüksəliş müvəqqəti xarakterli idi.

Çingiz İsmayılov: “Gücümüzü San Marino ilə müqayisə etməyimiz bizim ziyanımızadır”

Bu dəfə həmsöhbət olaraq Çingiz İsmayılovu seçdik. 1955-62-ci illərdə “Neftçi”nin qapısını qoruyan Çingiz müəllim, həm də idman jurnalisti və teleradio şərhçisi kimi də tanınıb. Elə bu səbəbdəndir ki, futbolumuzun tarixini və problemlərini yaxşı bilməklə yanaşı, fikrini ətraflı, anlaşılan dildə izah etməyi bacarır.

Həmsöhbətimiz millimizin son seçmə mərhələdəki çıxışını və nəticələri SportLine.az oxucusu üçün şərh etməyə belə başladı:

-          Artıq uzun illərdi ki, Azərbaycan millisi seçmə mərhələlərdə çıxış edir və sonuncu olmamaq uğrunda mübarizə aparır. Bu baxımdan mən topladığımız 10 xalı və tutduğumuz beşinçi yeri uğur kimi qiymətləndirməyə çətinlik çəkirəm. Hədəfləri çoxdan dəyişməli, daha ciddi işlər görməli, böyük qələbələr uğrunda mübarizə aparmağa hazır olmalı idik. Çexiya ilə heç-heçəyə sevinmək indiki halda bizim üçün adi bir nəticə olmalı idi. Görünür, buna tam hazır olmamışıq, lazımı qədər güclənməmişik. Belədə məcbur qalırıq ki, kiçik uğurlarımıza sevinək. Bəli, 10 xalı futbolçular meydanda əziyyət çəkərək qazanıblar. Bunu qiymətləndirməmək olmaz. Amma gəlin razılaşaq ki, daha artığını edə bilərdik. Azı 3-4 xal daha çox toplayardıq və bu da bizə heç olmasa, bir pillə yuxarıda qərarlaşamağa imkan verərdi. Müəyyən problemlər, çətinliklər və çatışmazlıqlar komandamıza mane oldu.

-          Siz necə düşünürsüz, nə idi o çətinliklər? Nə imkan vermədi ki, Azərbaycan millisi 10 yox, misal üçün 14 xal toplasın, daha iki oyunda uduzmasın?

-          İndiki halda ən birinci problem kimi səviyyəli futbolçuların azlığını görürəm. Diqqət yetirin, əsas heyətdən hansısa futbolçu oynaya bilməyəndə məşqçilər onu kiminlə əvəzləyəcəklərini uzun müddət düşünməyə məcbur qalırdılar. Konkret Rəşad Sadıqovu götürək. Rəşad zədələnəndə az qala millinin bütün sistemi pozulur, birdən - birə 3-4 futbolçunun yerinə dəyişmək lazım gəlir. Bütün bunlar ona görə baş verir ki, bir mərkəz müdafiəçisini əvəzləmək üçün onun səviyyəsinə yaxın ikinci futbolçumuz yoxdur. Millinin məşqçiləri onu tapa bilmirlər. Məcbur qalırlar cinahdan, yaxud da orta xətdən kimisə müdafiənin mərkəzinə çəksinlər. Problem isə bununla bitmir. Axı, daha sonra o cinah müdafiəçinin yerinə kimisə qoymaq lazım gəlir. Beləcə bütün müdafiəyə və orta xəttə əl gəzdirmək tələb olunur. Bu isə komandanın sisteminin dəyişilməsi, sabitliyin və oyun sxeminin pozulmasıdır. Nəticədə isə futbolçular bu dəyişikliyə uyğunlaşmağa çətinlik çəkirlər. Bizdə belə universal futbolçular da azdır. Olsaydı, heç kimi qayğılandırmazdı. Məşqçilər də bilərdilər ki, hansısa futbolçunun mövqeyini dəyişdirdisə, o da orda səhvsiz oynayacaq, etimadı doğruldacaq, verilən tapşırıqları tam yerinə yetirəcək. İlk baxışdan problem adi görünür. Amma əmin olun ki, bunlar hamısı ciddi məsələlərdir. Sonda toplanır və ortaya indiki mənzərəni çıxarır. Biz nəinki güclülər, heç ortabablarla da başabaş oynaya bilmirik. Hansısa uğurlu seriyanın davamı gəlmir. Bir də görürük ki, yenidən aşağı pillələrə yuvarlanmışıq. Daha bir seçmə mərhələ bizim üçün sonuncu yerdə olmamaq uğrunda mübarizə ilə yekunlaşıb.

-          İndiyə qədər bir çox mütəxəssislərdən soruşmuşuq. Sizin də fikriniz bizə və oxucularımıza çox maraqlıdır. Belə bir ehtimal var ki, Robert Prosineçkinin millimizlə qazandığı uğurlar onda eyforiya yaratdı və xorvatiyalı mütəxəssis Türkiyə klubları ilə, konkret “Bursaspor”la danışıqlara başladı. Amma AFFA onun gedişinə icazə verməyincə onun əli işdən soyudu. Nəticədə isə mərhələnin sonuna doğru məğlubiyyətləri sıraladıq. Siz bu barədə nə deyə bilərsiz?

-          Yenidən bir məqamın üzərinə qayıtmaq istəyirəm. Problem təkcə baş məşqçidə deyil. Uğursuzluqlara görə də yalnız onu günahlandırmamalıyıq. Əksinə, Prosineçki əlindən gələni etməyə çalışdı. Məncə, pis də alınmırdı. Startda yaxşı nəticələr qazandıq. Uğurlu məşqçiyə də başqa təkliflərin olması normaldır. Gördüyüm qədəriylə AFFA-nın ona ehtiyacı vardı və müqavilə müddəti bitməmiş buraxmaq istəmədilər. Bəlkə də özü “Bursaspor”a getmək, daha yüksək hədəflər üçün mübarizə aparmaq istəyirdi. Amma AFFA-ya hansısa etiraz və ya üsyan etmədi. Müqaviləsinin sonuna qədər çalışdı, sonra da normal qaydada işindən ayrıldı. Belədə hansısa qlobal problemin baş verdiyini, millimizin də son oyunlarda Prosineçkinin günahı ucbatından uduzduğunu demək çətindir. Bəli, nəticələ ürəkaçan deyildi. Bunun səbənini isə məşqçidə yox, futbolçularda, daha doğrusu onların səviyyəsində axtarmalıyıq. Azərbaycan Premyer Liqasında cəmi səkkiz klub çıxış edir. Deməli, elitada hardasa 170-180 futbolçu var. Həmin futbolçuların da 40 faizə yaxının legionerlər olduğunu nəzərə alaq. Yerdə təxminən 100 futbolçu qalır. Bu nə deməkdir? O deməkdir ki, həmin 100 nəfərdən millinin baş məşqçisi 23 futbolçu seçməli və ölkənin əsas komandasına dəvət etməlidir. Axı, biz də bilirik ki, yerli futbolçuların səviyyəsi o qədər də yüksək deyil. Onlar milli səviyyəli oyunların gərginliyinə, rəqibin təcrübəsinə və hazırlığına qarşı ciddi nəsə göstərməyə çətinlik çəkirlər. Bu isə özünü nəticələrdə göstərir. Çempionatın hazırkı səviyyəsində, yerli futbolçuların mövcud durumunda millidən böyük nəticələr tələb etmək, məşqçiləri günahlandırmaq yersizdir. Bizim heç xaricdə sabit oynayan 2-3 futbolçumuz da yoxdur. Belədə millinin baş məşqçisi neynəyə bilər? Hər şeyi o dəyişə bilməz axı.

-          San Marino ilə oyunda 5:1 hesabıyla qələbə qazandıq. Bu qalibiyyətə yanaşmada mövqelər haçalandı…

-          Bu müzakirələr eyniylə millimizin topladığı 10 xalla bağlı aparılan müzakirələri xatırladır. Biz əvvəlcə baxaq görək San Marino kimə qalib gəlib? Ümumiyyətlə, onlar sonuncu dəfə kimi məğlub etdiklərini xatırlayırlarmı? Cavab məlumdur. Bunu hamı bilir. Səhv xatırlamıramsa, San Marino qrupumuzda cəmi iki qol vurmuşdu, onun da birini bizim qapımızdan keçirdilər. Bütün bunları nəzərə alanda San Marino ilə oyundakı qələbəni necə “şişirtmək” olar? Onların heyətində heç peşəkar futbolçu da yoxdur. Varsa belə, onların sayı 2-3 nəfərdən artıq olmaz. Biz belə komandalarla öz gücümüzü müqayisə etməməliyik. Belə müqayisələr ancaq bizə maneçilik törədəcək.

-          Artıq millimizin yeni baş məşqçisi var. Əksəriyyət Qurban Qurbanova böyük ümidlərlə baxır.

-          Mən də həmin əksəriyyət adlandırdığınız qismə daxiləm. Düşünürəm ki, Qurban Qurbanova ümid bəsləməkdə, ondan çox şey gözləməkdə haqlıyam. Amma bir vacib məqam var. Qurbanov “Qarabağ”da 2008-ci ildən bəri çalışır. İlk 2-3 ildə öz sistemini formalaşdırdı, təcrübə topladı, problemləri dərindən öyrəndi. Onu bu xüsusiyyətinə görə alqışlayıram. Klub rəhbərliyi də ona yetərincə şans verdi, şərait yaratdı. Futbolda zaman məsələsi çox vacibdir. Hər bir məşqçiyə müəyyən qədər vaxt verilməlidi. Qurbanova da o cümlədən. Ondan dərhal nəticələr tələb etməklə həm özümüzü aldadarıq, həm də məşqçini əlavə təzyiq qarşısında qoyarıq. Axı, “Qarabağ” Qurban Qurbanovu gəlişi ilə dərhal uğurlar qazanmağa başlamadı. İllər keçdi, uğurlar pillə-pillə qazanıldı. Bu gün “Qarabağ” “Roma” və “Atletiko” kimi klublarla eyni səviyyədə mübarizə aparır, 32 komanda sırasına daxil olur və Çempionlar Liqasının qrup mərhələsində oynayır. Bu uğurlar həmin vaxt verilən düzgün qərarın, səbrli davranışın nəticəsidir. Qurbanov düzgün yoldadır. İndi həmin sistemi milliyə tətbiq etməliyik. Eyni zamanda səbrli davranmalıyıq.

-          Dəyişikliklər qaçılmazdır. Bəs bu dəyişikliyə hardan başlamaq lazımdı?

-          Bu payız təkcə “Qarabağ”ın əsas komandası Çempionlar Liqasında oynamadı, həm də U-19 yüksək səviyyəli turnirdə mübarizə apardı. Əvəzsiz təcrübədir. Həmin 19 yaşlı futbolçular qazandıqlarını təcrübənin faydalarını gələcəkdə mütləq hiss edəcəklər. Vacib olan bunu davam etdirmək, daim belə səviyyəli turnirlərdə, “Roma”, “Çelsi”, “Atletiko” kimi rəqiblərə qarşı oynaya-oynaya püxtələşməkdir. Yeniyetmə futbolçu məhz bu cür yetişir. Futbolumuzun bu günkü problemlərini sadaladıq. Bunları Qurban Qurbanov da bilir, dəyişikliyə də məhz ordan başlayacaq. Bizim U-21 millimizin oyunu hamımızın ürəyini ağrıtdı. Olanımız budur. Dünən səhv etmişiksə, çalışmalıyıq bu gün həmin səhvləri dayandıraq. Sabah isə onları təkrarlamayaq və onların nəticələrini aradan qaldıraq. İnkişafa uşaq komandalarından, U-17, U-19-dan başlamalıyıq, hətta daha aşağı yaşlardan. Çempionatda klub sayı artırılmalı, millinin məşqçilərinin geniş seçim imkanı olmalıdır. Digər problemlər də zamanla, peşəkarların müdaxiləsi ilə aradan qaldırılacaq. Buna inanıram.

Futbol veteran Çingiz İsmayılovla söhbətimiz xeyli məhsuldar və maraqlı alındı. Onun da dediklərindən belə anladıq ki, Azərbaycan futbolu üçün heç də dünyanın sonu deyil. Əksinə, hədəfləri düzgün müəyyənləşdirib, gələcəyə ümidlə baxmağa dəyər. Bizim də araşdırma yazılarımız məhz bu istiqamətdə davam edəcək.

 

            Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir