"Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılıdır"
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 32-ci turunda "Şamaxı"ya məğlub olduqları matç (2:3) haqda danışıb.
Sportline.az "sportal.az"a istinadən xəbər verir ki, baş məşqçi ikinci hissədəki geri dönüşə baxmayaraq buraxılan həlledici qola görə təəssüfləndiyini bildirib:
"Birinci hissədə pis oynadıq. Hakim barədə isə ümumiyyətlə danışmaq istəmirəm. Fasilədən sonra daha aqressiv çıxış edərək hesabı bərabərləşdirməyi bacardıq. Amma təəssüflər olsun ki, yekunda üçüncü qolu buraxdıq".
- Ötən tur avrokuboklara vəsiqəni təmin etdiniz. Buna görə futbolçularda arxayınlıq yox idi?
- Müəyyən mənada razılaşmaq olar. Birinci hissədəki oyuna köklənmə belə düşünməyə əsas verirdi. Amma ikinci hissəyə görə uşaqlara təşəkkür edirəm. 3-cü qolu buraxmasaydıq, qələbə qazana bilərdik.
- Müdafiəçilər epizodlara gec reaksiya verirdi. Bunun səbəbi nədir?
- İlk hissədəki oyuna görə razılaşmaq olar. Amma rəqib futbolçular da aqressiv idilər. Bəzən ikinci topların götürülməsində də gecikirdik. Fasilədən sonra çatışmazlıqları aradan qaldıra bildik.
- Hər iki komandanın aqressiv oyunu nədən qaynaqlanırdı?
- Mənə elə gəlir ki, hakimlikdən qaynaqlanırdı.
- Transferlə bağlı nə planlarınız var?
- Axtarışlar davam edir. Amma hələ ki yekun nəticə yoxdur.
- Neçə oyunçu transfer etməyi düşünürsünüz?
- Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq.