Millinin futzalçısı: “Mərhələni zirvədə başa vurmalı, elit-raunda lider kimi yollanmalıyıq”
“Bu mərhələni zirvədə başa vurmalı, elit-raunda lider kimi yollanmalıyıq”.
Sportline.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Xətai Bağırov DÇ-2024-ün əsas mərhələsində Yunanıstan və Polşa yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
İlk oyunun Yunanıstana qarşı olacağını bildirən 36 yaşlı futzalçı hədəflərinin qələbə olduğunu söyləyib: “Polşa səfərinə qalib yollanmalıyıq. Düzdür, onları Afinada böyük hesabla udmuşuq. Amma həmin matç da, hesab da keçmişdə qaldı. Addım-addım məqsədimizə nail olmaq üçün matçlardan maksimum nəticə ilə ayrılmalıyıq. Yunanıstan yığması ilə oyuna tam hazırıq. Ciddi zədəsi olan futzalçımız yoxdur. Bu da komanda üçün müsbət məqamdır. Atmosfer də yaxşıdır. Heyətə cəlb olunan oyunçuların hamısı düşərgəyə tam hazır gəliblər”.
Xətai Bağırov Polşa ilə səfər görüşünün daha çətin olacağını düşünür: “Ancaq heç bir sədd keçilməz deyil. Final mərhələsinə qədər bizi çətin sınaqlar gözləyir. Yolumuz uzun və çətin olsa da, məqsəd, tapşırıq dəyişmir: ikinci dəfə final mərhələsində oynamaq. Bu yolda hamımız səfərbər olmuşuq”.
Qeyd edək ki, Azərbaycan millisi martın 3-də Bakı İdman Sarayında Yunanıstanı qəbul edəcək. Matç saat 20:00-da başlayacaq. Yığma 4 gün sonra Koszalin şəhərindəki idman zalında Polşa ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.