Minsk-2019: 4 cüdoçumuzun bürünc medal şansı var

Belarus paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışlarında, 5 çəki dərəcəsində mükafat uğrunda görüşlərin iştirakçıları müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu gün, yarımfinal və təsəlliverici qarşılaşmalarda dörd cüdoçumuz tatami üzərinə çıxıb.

Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) yarımfinaladək irəliləsə də həlledici mərhələyə yüksələ bilməyib. Kokauri, Rusiya təmsilçisi İnal Tasoyevə uduzaraq, ümidini bürünc medal uğrunda görüşə bağlayıb. 

İ.Kindzerska finala vəsiqə üçün belaruslu Marina Slutskaya ilə üz-üzə gəlib. Tatamidən məğlub ayrılan cüdoçumuz 3-cü yer uğrunda döyüşdə qüvvəsini sınayacaq.

1/4 finalda uduzan cüdoçularımızdan Elmar Qasımov (100 kq), təsəlliverici görüşdə monteneqrolu Nikola Pantiçə qalib gəlib. 

Məmmədəli Mehdiyev (90 kq) isveçrəli Siril Qrossklausı üstələyib. 

Qeyd edək ki, cüdoçularımız, eyni zamanda Avropa çempionatı statusu daşıyan yarışın əvvəlki günlərində, iki medal qazanıblar. Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) bürünc medala layiq görülüb.