Minsk-2019: Boksçumuz medalı təmin etdi

Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.

Sportline.az xəbər verir ki, 96 kq çəki dərəcəsində yarışan boksçumuz Lorenzo Sotomayor 1/4 finalda Olimpiya mükafatçısı kosovolu Patriot Behrami ilə qarşılaşıb.

Təmsilçimiz rəqibinə 5:0 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. L.Sotomayor bununla da özü üçün II Avropa Oyunlarının ən azı bürünc medalını təmin edib.

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan boksçumuz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. L.Sotomayorun növbəti döyüşü iyunun 28-də baş tutacaq.

Qeyd edək ki, bu gün daha iki boksçumuz 1/4 finalda qüvvəsini sınayacaq. Cavid Çələbiyev (60 kq) və Alfonso Dominqes (81 kq) yarımfinala vəsiqə və mükafatın təmin olunması üçün mübarizə aparacaq.