Moldovada "Qarabağ" adını yaşadan komanda

Moldovada yaşayan soydaşlarımızın sevimlisinə çevrilməkdə olan “Qarabağ Kişinyov” komandası ötən ilin oktyabr ayının 18-də -  Azərbaycanın müstəqillik günündə yaradılıb. Belə bir tarixə bağlı təşəbbüsü yalnız Vətən sevgisinin təzahürü kimi qiymətləndirmək olar.

Elə klubun bu günlər Bakıda olan təsisçisi, Moldova Azərbaycanlıları Konqresinin üzvü Ramil Adıgözəlov da, Sportline.az saytına açıqlamasında təqdirəlayiq ideyanın təsadüfi olmadığını bildirdi. "Bu ideya ötən ilin payızında Qarabağ uğrunda gedən Vətən müharibəsi günlərində yarandı. Komandanı təsis etməklə Qarabağ həqiqətlərinin Moldova cəmiyyətinə çatdırılmasına töhfə vermək istədik. Çünki, Moldovada heç də hamı bu məsələdən hali deyil. Klubu yaratdıq, mini futbol çempionatında mübarizəyə qatıldıq. Heyət həm azırbaycanlı, həm də yerli futbolçulardan ibarətdir. Elə əsas məqsədimiz də idman nəticələri deyil, iki xalq arasındakı həmrəyliyi möhkəmləndirməkdir. İstəyimizə çatdığımız tribunalarda əksini tapır. Hər oyunumuzda , həm moldovalı həm də azərbaycanlı azarkeşləri görmək xoşdur. Artıq Moldova televiziyaları da bu məsələyə biganə deyillər. Artıq komanda haqqında maraqlı reportajlar tamaşaçılara təqdim olunub".

Tanınmış veteran futbolçulardan sayılan, Moldova millisinin və Tiraspol “Şerif”inin sabiq üzvü Valentin Furduyun rəhbərlik etdiyi komandanın 20 futbolçusundan 12-si azərbaycanlıdır. Kapitan isə əslən Laçın rayonundan olan Səbuhi Cəbrayılovdur.

Mübarizəyə mini-futbol üzrə həvəskarlar liqasından başlayan “Qarabağ Kişinyov”un hədəfi növbəti mövsümlərdə daha yüksək liqalara vəsiqə qazanmaqdır. "Hazırda 12 komanda arasında 5-ci pillədə qərarlaşmışıq. Yeni mövsümdə heyəti daha da gücləndirib yüksək hədəflər uğrunda mübarizə aparmaq niyyətindəyik. Beynəlxalq turnirlərə də qatılmaq planımız var. Artıq Ukrayna və Belarusdan dəvətlər almışıq. Komandanın adının daha geniş miqyasda tanınması üçün əlimizdən gələni əsirgəməyəcəyik."

Yeri gəlmişkən “Qarabağ Kişinyov” Ağdamın “Qarabağ” klubu ilə də əməkdaşlıq edir. Ramil Adıgözəlovun sözlərinə görə, Azərbaycanın Avropadakı məğrur təmsiçisi bu adı Moldovada yaşadan komandaya mənəvi dəstəyini əsirgəmir.